Şurnux kəndinin qərb hissəsi Azərbaycana təhvil verildi – FOTObackend

Şurnux kəndinin qərb hissəsi Azərbaycana təhvil verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngəzur vilayətinin Gorus rayonunda yerləşən Şurnux kəndinin qərb hissəsi artıq Qubadlı rayonunun ərazisidir.

NOCOMMENT.az xəbər verir ki, bunu əks etdirən lövhə artıq Şurnux kəndindədir.

Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi nəticəsində kəndin qərb hissəsi, 12 evdən ibarət ərazi Qubadlı rayonuna qaytarılıb. Həmin ərazi Birinci Qarabağ Savaşı dönəmində işğal olunmuşdu.

Demarkasiya prosesi ötən ilin dekabrın 24-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və Rusiya sülhməramlılarının iştirakı ilə başlanmışdı.

12 evin yerləşdiyi ərazi Gorus-Qafan yolunun şərqində, Azərbaycan ərazisində yerləşir.

Bir hissəsi Qubadlı rayonunun inzibati ərazisinə adi olan Şurnuu kəndi Şurnux çayının sol sahilində, Gorus-Qafan magistral yolunun sağ tərəfində yerləşir. Toponim Azərbaycan dilində «kiçik şəlalə» mənasında işlənən «çırnox» sözünün fonetik forması olan şumux // şırnıx sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində «sürətlə axın» mənasında «şırnoy» sözü də işlənir. Belə qənaətə gəlirik ki, çırnox, şırnoy, şurnux yaxınmənalı sözlərdir! Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Şurnux kəndində 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sağ qalanlar öz tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər, 1979-cu ildə 560 nəfər azərbaycanlı yaşamışdır. İşğalçı Ermənistan tərəfindən kəndin sakinləri olan azərbaycanlılar deportasiya olunmuşdur. Kənd işğal olunduqdan sonra buraya erməniləri köçürməyə başlayıblar. Şurnux kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Şurnux Gorus rayon mərkəzindən 27 km cənubda, meşənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşir. 1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi.

Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaşamışdır. Şurnux kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır. Şurnux kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuş, 1918-ci ildə həmin kənd dağıdılmış və sonra bərpa edilməmişdir. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır.

1918-20-ci illərdə Şurnux kəndi dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə qaçqın düşərək Qubadlı və Cəbrayıl rayonuna pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra Şurnux camaatı yenidən öz doğma kəndlərinə qayıtmış, dağıdılmış təsərrüfatlarını bərpa etmişlər. 1930-cu ildə Şurnuxda ibtidai məktəb açılmış, 1931-ci ildə kolxoz qurulmuşdur (qonşu Ağbulaq və Şamsız kəndləri ilə birlikdə).

İkinci Dünya müharibəsində Şurnuxdan 70-dən çox adam iştirak etmiş, onlardan 25 nəfəri geri qayıtmamışdır. İkinci Dünya müharibəsindən sonrakı illərdə Gorus rayonunda ermənilər azərbaycanlı əhaliyə qarşı təcavüzkar münasibətlərini daha da gücləndirdilər. 1948-52-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnux camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiş, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə şəhərlərində məskunlaşmışlar.

Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70-80-ci illərdə Şurnux kəndi xeyli inkişaf etmişdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikilmişdi.

1988-ci il noyabrın sonlarında Gorusdakı daşnak erməni rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnux kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını belə çıxarda bilmədilər.

Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxdan 5 nəfər şəhid olub. Şurnux kəndindən Azərbaycan torpaqlarının müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanlar bunlardır:

Niftəliyev Azər Bayram oğlu – baş leytenant, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur,

Ağayarov Mehman Müseyib oğlu,

Orucov Seymur Şəmil oğlu,

Adıgözəlov Elşən Telman oğlu,

Dadaşov Rəfayıl Cənnət oğlu.

Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Üminisə xanım Musabəyova Şurnuxda anadan olmuşdur.

Şurnux kəndinin toponimləri: Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s.
Avropa.info