Sürücü qayda pozarsa, YPX fiziki müdaxilə edə bilərmi? – AÇIQLAMAbackend

Sürücü qayda pozarsa, YPX fiziki müdaxilə edə bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəmiyyətdə yanlış təsəvvür var. Hər kəs elə bilir ki, Yol Patrul Xidməti (YPX) qanun pozan hərəkət iştirakçısı barədə tədbir görə bilməz.

Bu, yanlış fikirdir. O da polisdir və ictimai asayişin qorunmasında, eləcə də cinayətkarlıqla mübarizədə səlahiyyətləri çərçivəsində lazımi hərəkətləri edə biləcək şəxsdir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “oxu.az”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) ilə Post Patrul Xidməti (PPX) əməkdaşlarının səlahiyyət çərçivəsi barədə gedən müzakirələrə cavab olaraq bildirib.

Belə ki, cəmiyyətdə YPX əməkdaşlarının kimisə aidiyyəti üzrə xidməti avtomobilə mindirərək ərazi üzrə polis idarəsinə aparmaq səlahiyyətinin olmadığı fikirləri səsləndirilir. Yəni insanlar düşünürlər ki, vətəndaşın bölməyə, idarəyə aparılması zəruri olduğu hallarda YPX əməkdaşı mütləq qaydada əraziyə PPX əməkdaşlarını çağırmalıdır.

Məsələyə aydınlıq gətirən polis mayoru Araz Əsgərli qeyd edib ki, əraziyə PPX əməkdaşları ona görə çağırılırlar ki, orada xidməti aparan YPX əməkdaşına lazımi kömək olunsun, həmçinin daha sonra YPX əməkdaşı xidməti təhkim olunmuş ərazisində yollara nəzarət etmək kimi funksiyasından uzaqlaşmasın:

“Yəni hansısa bir vətəndaş tabesizlik göstərən zaman bu prosesdə köməklik göstərməsi üçün əraziyə PPX çağırılır. Məqsəd isə hadisə zamanı vətəndaşın aidiyyəti üzrə idarəyə aparılmasının təmin edilməsidir. YPX əməkdaşı da öz növbəsində ərazidə xidmətini fasiləsiz şəkildə davam etdirir.

Amma “20 Yanvar” dairəsi yaxınlığında baş verən hadisədə sürücünün saxlanıldığı nöqtə yolun elə bir hissəsidir ki, orada çevik qərar qəbul edilməli və yolun nizamı uzun müddət pozulmamalıdır. YPX əməkdaşı qayda pozan hərəkət iştirakçısına deməlidir ki, “gözlə, tərpənmə, PPX əməkdaşı gələcək”? Bu fikir doğru deyil, hətta tam yanlışdır.

DİN YPX əməkdaşlarına da PPX əməkdaşları kimi silah verib, hüquq verib, səlahiyyət verib. Onlar da qayda pozan hərəkət iştirakçılarını aidiyyəti üzrə polis idarəsinə apara və növbəti mərhələdə araşdırmanın aparılması üçün aidiyyəti üzrə raportla müraciət edə bilərlər.

Polis – mürəkkəb şəraitdə çevik qərar verilməsi tələb olunan bir sistemdir. İstər YPX, PPX, Mühafizə polisi baş verən qanunsuz əmələ birbaşa müdaxilə etmək, tədbir görmək səlahiyyəti olmadığı hallarda hərəkətsizlik göstərməməli, pozulan ictimai qaydanın və ya cinayətin qarşısının alınmasında mütləq iştirak etməlidir.

Elə buna görə də polis çox ağır və şərəfli peşədir.

Bakıda yanğın hadisələrinin birində polis xüsusi geyimdə deyildi və belə hallarda xilasedici kimi səlahiyyət sahibi də deyildi, lakin bu onun vəzifə borcudur: Yəni baş vermiş fövqəladə hadisəyə biganə qalmamalıdır.

Bir sözlə, polis əməkdaşı küçənin ortasında baş verən hər hansı qanunsuz əmələ biganə yanaşa bilməz. Bu, əksinə, hərəkətsizlik, vaxtında müdaxilə etməmək kimi onu məsuliyyət qarşısında qoya bilər.

Hətta məzuniyyətdə olan polis əməkdaşı hansısa cinayətə, ictimai qaydanın pozulmasına şahid olursa, mütləq müdaxilə etməli və öz həmkarları oraya gələnə qədər lazımi köməklik göstərməlidir.

Polis deyə bilməz ki, “neyləyirəm ki, mən məzuniyyətdəyəm və ya işdən icazəliyəm. Əks halda, bu, polisin qətiyyətsizliyi kimi qiymətləndirilə və polis əməkdaşının rəhbərliyi tərəfindən qanuni çərçivədə tənbehinə səbəb ola bilər”.

“Gəlin polisi, hərbi qulluqçunu və vəzifəsini icra edən digər xüsusi təyinatlı fəaliyyətlərlə məşğul olan şəxsləri klaviatura qəhrəmanı obrazında müzakirə etməkdənsə cəmiyyətdəki məsuliyyətliliyin artırılması üçün ciddi təbliğat işi aparaq, çünki əsl ictimai məsuliyyət hissi də elə buradan başlayır”, – deyə A.Əsgərli çağırış edib.