Sürücü vurduğu piyadadan pul tələb edə bilər? – AÇIQLAMAbackend

Sürücü vurduğu piyadadan pul tələb edə bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyadaların səhlənkarlığı səbəbindən baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücüyə dəyən ziyanın ödənilməməsi müzakirə mövzusu olub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə sözügedən məsələyə münasibət bildirən müzakirə iştirakçılarının əksəriyyəti yol-nəqliyyat hadisəsi baş verən istənilən halda sürücünün ziyanlı çıxmasını qanundakı boşluq və ədalətsizlik kimi qiymətləndiriblər.

“Piyada yolun ona aid olmayan hissəsində qəfildən özünü yolun hərəkət hissəsinə atırsa, nə üçün sürücü günahkar hesab edilməli və üstəlik avtomobilinə dəyən ziyana görə də əlavə xərcə düşməlidir?” – deyə istifadəçilərdən biri yazıb.

Maraqlıdır, əgər piyadavurma hadisəsi məhz piyadanın diqqətsizliyi səbəbindən baş veribsə, sürücü hadisə nəticəsində avtomobilinə dəyən ziyanı piyadadan tələb edə bilərmi?

Tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, sürücü ona dəymiş ziyanı piyadadan tələb edə bilər.

“Burada ziyan vuranın kim olmasının heç bir fərqi yoxdur. Kim kimə zərər vurursa və zərər vurarkən haqsız olubsa, təbii ki, vurduğu zərərin dəyərini digər tərəfə ödəməlidir.

Bəli, bu, bir az qeyri-adi görünə bilər, amma piyada da avtomobilə zərər vura bilər.

Əgər piyada qanunsuz yerdən yol keçib və nəticədə sürücüyə ziyan vurubsa, əlbəttə ki, məhkəmə yolu ilə ondan dəyən ziyan tələb oluna bilər.

Bir şərtlə ki, sürücü məhkəmədə həqiqətən onun avtomobilinə həmin piyadanın ziyan vurduğunu sübut edə bilsin. Yəni sürücü məhkəmədə hadisənin baş verməsini, avtomobilə dəyən zərərin ölçülməsini (zərəri ekspert qiymətləndirməlidir) və ən əsası, hadisə ilə zərərin arasındakı əlaqəni sübut etməlidir.

Sübut olunmalıdır ki, doğrudan da, həmin zərər məhz həmin hadisə zamanı və məhz həmin şəxs tərəfindən vurulub. Belə olan halda dəyən zərəri piyadadan tələb etməkdə heç bir problem yoxdur”, – deyə hüquqşünas vurğulayıb.