Sürücülər aeroportun avtodayanacağına niyə buraxılmır? – ŞİKAYƏTbackend

Sürücülər aeroportun avtodayanacağına niyə buraxılmır? – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az konkret.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun avtodayanacağından istifadə edən vətəndaşdan redaksiyaya şikayət daxil olub.

KONKRET.az-a özünü Rauf İsrafil oğlu Əliyev kimi təqdim edən Bakı sakini avtomobilinin (Hyundai Elantra 99OK690) 27 oktyabr saat 15:50 radələrində aeroportun maşın dayanacağına buraxılmadığını iddia edir. Bildirir ki, həmin tarixdə dayanacağa buraxılmamasının səbəbi təxminən bir ay əvvəl orada qayda pozuntusuna yol verməsi ilə əlaqələndirilib və bu səbəbdən girişinə stop qoyulduğu deyilib. Vətəndaş isə buna etiraz edir: “Təxminən bir ay bundan öncə həyat yoldaşımı yola salmaq üçün aeroportda olmuşam. Orada yeni elektron şlaqbaumların quraşdırıldığını gördüm. Qaydalar da dəyişmişdi. Mənə durduğum cərgədə maşın saxlamaq olmaz dedilər, mən də avtomobilimi başqa sırada parkladım. Yoldaşımı qarşılayanda isə bildirdilər ki, dayanacağa girişimə stop qoyulub”.

Vətəndaş əlavə edib ki, ona bununla bağlı öncədən heç bir məlumat verilməyib: “Mənim 60 yaşım var. Bəziləri kimi qanunsuz hərəkətlərə yol vermərəm. Və əgər hansısa xəta etmişəmsə, rəsmi bildiriş göndərilməli idi”.

Məsələ ilə bağlı sorğu göndərdiyimiz Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən isə məlumat verilib ki, sözügedən sürücünün müraciətinə baxılaraq məsələ araşdırılıb və yaranan narahatlıq aradan qaldırılıb.

Qurumdan o da bildirilib ki, dünyanın digər hava limanları kimi, Heydər Əliyev Beynəlxalq Aeroportu da yüksək təhlükəsizlik tələblərinin tətbiq edildiyi ərazidir. “Sadə pozuntu kimi görünə bilən hallar hava limanlarında çox ciddi təhlükə yarada bilər. Bu, birbaşa olaraq insanların, o cümlədən, xidmətlərdən istifadə edən yüzlərlə sərnişinin həyat və sağlamlığına təhlükə yaradan ciddi problemlərə səbəb ola bilər. Bu baxımdan, aeroportda düzgün park edilməmiş avtomobillər təkcə digər sürücü və piyadalar üçün narahatlıq deyil, həm də hava limanının ərazisində olan hər kəs üçün riskli halların baş verməsi ilə nəticələnə bilər.

Eyni zamanda, düzgün park edilməmiş avtomobillər fövqəladə hallar zamanı xilasetmə yollarını bağlaya, aidiyyəti dövlət qurumlarının, xilasedicilərin və ya təcili yardım xidmətlərinin fəaliyyətinə mane ola bilər ki, bu da həyata keçirilən əməliyyatın ləngiməsinə və sərnişinlərin, ziyarətçilərin, hava limanı əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi üçün riskin daha da artmasına gətirib çıxarır”.

Mətbuat xidməti, həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun yüksək təhlükəsizlik standartlarını aidiyyəti dövlət orqanları ilə birgə təmin etdiyinə diqqət çəkərək, bütün ziyarətçilərə və sərnişinlərə hava limanında təhlükəsizlik qaydalarına əməl etməyin zəruriliyini bir daha xatırladıb.