Bəzən taksi sürücüləri və sərnişinlər arasında mübahisələr yaranır. Buna səbəb isə əsasən müştərilərin nəğdsiz ödənişlərə meyl etməsidir. Bu, taksi sürücülərinə sərf etmədiyindən vəziyyət gərginləşir.
Bəs görəsən, sürücülər kart ödənişlərini niyə qəbul etmək istəmirlər?.
Mövzunu NOCOMMENT.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov şərh edib:
“Burada sürücülərin bir nömrəli problemi ödənişlərin qəbulu ilə bağlıdır. Sürücülər ödənişi qəbul edərkən müəyyən problemlərlə qarşılaşırlar. Bəzən taksi şirkətləri ödənişləri sürücülərin kart hesabına vaxtında yükləmir. Yaxud ödənişi alarkən müəyyən çətinliklər yaranır. Amma nəğd ödənişdə vəziyyət fərqlidir. Sürücü bu zaman öz gəlir və çıxarını, əlavə xərclərini bilir. Düşünürəm ki, sürücülər və sərnişinlər arasındakı bu cür mübahisəli məsələlərin həllinə çalışmaq lazımdır. Ancaq aidiyyatı qurumlar və taksi şirkətləri problemləri həll etməkdə maraqlı görünmürlər. Bu da insanlar arasında xoşagəlməzliklərə gətirib çıxarır və narazılıqlar sayını artırır”.









