Son günlər sürücülər arasında müzakirə olunan məsələ odur ki, guya hərəkət zamanı əlini avtomobilin pəncərəsindən çıxaran şəxsə 40 manat cərimə yazılacaq.
NOCOMMENT.az xəbər verir ki, məsələnin hüquqi tərəfini araşdırmaq üçün “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinə, İnzibati Xətalar Məcəlləsinin 3-cü, 6-cı, 8-ci və 342-ci maddələrinə nəzər salmaq lazımdır.
Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsi sürücünün vəzifələrini müəyyən edir və bildirir ki, hərəkət zamanı sükan idarə altında olmalıdır. Bu, iki əllə idarə məcburiyyəti demək deyil. Bir əlin sükan üzərində olması kifayətdir və yalnız bir əlini sükan üzərindən çəkmək qayda pozuntusu sayılmır.
İXM-in 342-ci maddəsinə əsasən, 40 manat cərimə yalnız sürücünün sükanı tamamilə buraxaraq nəqliyyat vasitəsini idarəsiz qoyması halında tətbiq edilir. Əlini pəncərədən çıxarmaq isə bu maddəyə daxil deyil.
İXM-in 3-cü maddəsi cərimənin yalnız məcəllədə birbaşa nəzərdə tutulmuş hallara görə tətbiq oluna biləcəyini bildirir. Məcəllədə “əlini pəncərədən çıxarma” ayrıca pozuntu kimi göstərilməyib.
İXM-in 6-cı maddəsinə görə, qanunun analogiyası (bənzətmə yolu ilə tətbiqi) qadağandır. Yəni “əlini çölə çıxarma”nı “sükanı buraxma”ya bənzədərək cərimə yazmaq hüquqa ziddir.
İXM-in 8-ci maddəsi isə günahsızlıq prezumpsiyasını təsbit edir: sürücü öz günahsızlığını sübut etməyə borclu deyil, pozuntunu sübut etmək dövlət orqanının vəzifəsidir. Məsələn, video görüntüdə sükanın hər iki əldən buraxıldığı açıq şəkildə görünməlidir.
Nəticə olaraq:
Bir əlini sükan üzərindən çəkmək qanun pozuntusu deyil.
Əlini pəncərədən çıxarmaq üçün ayrıca cərimə maddəsi yoxdur.
40 manat cərimə yalnız sükanın hər iki əldən buraxılması sübuta yetirilərsə yazıla bilər.
Analogiya yolu ilə cərimə tətbiqi qadağandır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin rəsmi cavabı yayımlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək.