Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürməbackend

Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bu yolun magistral olduğunu xatırlatmaq məqsədilə oraya 110 km/saatlıq sürət həddi qeyd edilən yol nişanı qoymuşuq. Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110 km/saat qəbul olunub. O yolda heç bir radar, heç bir nəzarət yoxdur. Kim sürmək istəyir, artıq sürsün”.

Bu fikir, yəqin ki, yadınıza gəlir. Baku TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov ödənişli yollardakı sürət həddindən danışarkən demişdi.

O qeyd etmişdi ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır.

Bu gün isə Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı avtomobilin sahibi onu 200 km/saat sürətlə idarə etdiyi, sosial şəbəkədə görüntüləri paylaşdığı üçün polis tərəfindən müəyyən edilib. Avtomobil saxlanılaraq müvəqqəti duracağa salınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev isə hadisəyə münasibət bildirərkən deyib ki, sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Burada dilemma yaranır: AAYDA rəhbəri deyir ki, sözügedən yolda nəqliyyat vasitəsini kim hansı sürətlə istəyir, sürə bilər, amma DYP cərimə tətbiq edir. Yolda isə sürətə nəzarət edəcək texniki vasitələr quraşdırılmayıb.

Nəzarət cihazları (radar) olmayan yolda sürücünün cərimələnməsi hansı mexanizmlə həyata keçirilir?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev oxu.az-a açıqlamasında bildirib ki, AAYDA rəsmisinin səsləndirdiyi həmin fikri doğru hesab etmir:

“Ölkə ərazisindəki magistral yollarda maksimum sürət həddi 110 km/saat olaraq müəyyənləşdirilib. Bu sürət yollarda yol nişanları ilə qeyd edilir. Yaşayış məntəqələrinə və digər ərazilərə yaxınlaşan, eləcə də uzaqlaşan hissələrdə sürət həddi müvafiq olaraq azalan və artan tempdə təyin edilir. Ümumilikdə isə sürət həddinə nəzarət müəyyən müasir cihazlar vasitəsilə həyata keçirilir.

Əgər yeni yol inşa edilirsə, burada işlər mərhələli şəkildə həyata keçirilirsə, bu o demək deyil ki, o yolda kim necə istəsə, sürə bilər. Sürücülük vəsiqəsi alan hər bir şəxs qanun-qaydanı bilməlidir. Əgər yolun sürət həddi 110 km/saat təyin edilibsə, sürücü nəqliyyat vasitəsini o sürətdən artıq idarə edirsə, o, cərimələnə, nəqliyyat vasitəsi də cərimə meydançasına aparıla bilər”.