Sürüşmə və vulkanik zonalardakı evlərlə bağlı XƏBƏRbackend

Sürüşmə və vulkanik zonalardakı evlərlə bağlı XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu Zığ qəsəbəsində sürüşmə zonasında yerləşən bəzi fərdi yaşayış evlərinin söküntüsü işlərinə başlanılıb. Bu, sürüşmə, tektonik və vulkanik zonalarda inşa edilən fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı məsələni gündəmə gətirir.

Ümumiyyətlə, tektonik, vulkanik və sürüşmə zonalarındakı evlərin söküntüsü ilə bağlı qərar verilə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazilərdə torpaq sahələrinin bir çoxu dövlətə məxsusdur. Buna görə də vətəndaşların torpağa dair hər hansı sənədləri mövcud deyil.

Onun sözlərinə görə, həmin ərazilərdəki əmlaklar qanunsuz tikili hesab olunur: “Müvafiq qurumların, xüsusilə də icra orqanlarının göz yumması nəticəsində qanunsuz tikililərin inşası həyata keçirilib. Belə tikililərə görə sonradan faciələr yaşana bilər. Ona görə də məsul qurumlar orada baş verə biləcək hər hansı bir bədbəxt hadisədən vətəndaşları sığortalamaq üçün həmin qanusuz tikililərin söküntüsü işlərini həyata keçirirlər. Bunun əvəzində isə onlara müvafiq torpaq sahələri ayrılıb və bildirilib ki, həmin ərazilərdə öz hesablarına inşaat işlərini həyata keçirə bilərlər”.

R.Qasımzadə qeyd edib ki, istənilən halda vətəndaşı evindən çölə atmaq düzgün deyil. Onun sözlərinə görə, həmin ərazilərdə yaşayan vətəndaşlara müvafiq qurumlar tərəfindən dəstək göstərilməlidir: “Onlara kompensasiya ödənilməlidir. Ümumiyyətlə, kompensasiyaların ayrılması bazar dəyərinə uyğun həyata keçirilir. Lakin burada kompensasiya bazar dəyəri ilə hesablanmamalıdır. Çünki bu, qanunsuz tikilidir və torpağın sahibi vətəndaş deyil, dövlətdir. Vətəndaşların çətinlik çəkməməsi üçün müvafiq qurumlar ən azı fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi üçün müəyyən daşıma və inşaat xərclərini, eləcə də tikintinin icrası üçün usta ilə təmin etməlidir”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında təəssüf hissi ilə deyib ki, ötən illərdə Bakıda, eləcə də vulkanik ərazilərdə mənzil tikintisinə nəzarət olmayıb. Nəticədə isə bu cür ərazilərdəki həmin tikililərin sökülməsi ilə bağlı müzakirələr aparılır.

O bildirib ki, qanunsuz tikililər ölkənin əsas problemlərindən biridir: “Bu problemlərin həlli istiqamətində müxtəlif müzakirələr aparılaraq normativ hüquqi aktlara müəyyən dəyişikliklər edilib. Amma problem tam həllini tapmayıb. Əslində 2019-cu ildə bununla bağlı konsepsiya mövcud idi. Konsepsiyanın icrası ilə bağlı bəndlərdə vulkanik, aktiv mədən ərazilərində inşa edilən tikililərin söküləcəyi, yerdə qalanlarının isə sənədləşdirilməsi nəzərdə tutulurdu. Amma onun icrası müxtəlif səbəblərdən dayandırıldı. Hesab edirəm ki, cari ildə bu problemin həlli istiqamətində ciddi dəyişikliklər ediləcək”.