Şuşadan açılan geopolitik atəş – Moskva və erməni mərkəzlərinə sarsıdıcı mesajbackend

Şuşadan açılan geopolitik atəş – Moskva və erməni mərkəzlərinə sarsıdıcı mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etmədi. Bu, ölkə mediasında, sosial şəbəkədə hələ də ciddi müzakirə edilir.

NOCOMMENT Globalinfo-ya istinadən təqdim edir.

Nə baş verir?

Moskvada keçirilən 9 May paradı Qələbə paradı adlansa da son illərdə bu parad əsas mahiyyətindən tamamilə uzaqlaşıb. Məsələ ondadır ki, paradda iştirak edən ölkələr hər il alman nasizminə qarşı birgə əldə etdikləri tarixi qələbəni qeyd edirdi. Lakin Rusiyanın Ukraynaya hücumu və torpaqlarını işğal etməsi faktiki olaraq Kremlin özünü alman nasizmindən pis vəziyyətə saldı. Təsadüfi deyil ki, bu gün bir çox postsovet ölkəsi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə paradda iştirak etmək istəmirlər. Azərbaycan da belə ölkələrdəndir.

Əliyevin Kremlə iki mesajı

Prezidenti İlham Əliyevin 9 May Qələbə paradında iştirak etməməsi bir çox aspektlərdən təhlil edilir. Ölkə başçısı paradda iştirak etməyərək faktiki olaraq Kremlə 2 mesaj verir:

Birincisi, Azərbaycan Rusiyanın Ukraynaya hücumunu və torpaqlarını işğal etməsini tanımır və qınayır. Prinsip etibarilə rəsmi Bakı müharibəyə qədər və müharibənin ilk vaxtları tərəflərə vasitəçilik missiyasını təklif edib. Lakin bu o demək deyil ki, Azərbaycan işğalçı və işğala məruz qalan ölkəni eyniləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və rəsmi Kiyevin ədalət bərpa olunanadək mübarizəyə davam etməsini tövsiyə edib. Bu, ölkə başçısının timsalında Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə mövqeyinin əyani göstəricisidir.

İkincisi, Bakı bununla Azərbaycanın Rusiyanın təsirində olmadığını, özünün müstəqil siyasət yürütdüyünü bir daha elan etdi. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda əsas söz sahibinə çevrilib. Bu fakt isə öz növbəsində Rusiyanın Cənubi Qafqazda, eləcə də Qarabağ məsələsində dominantlıq imkanlarını getdikcə zəiflədir.

Paşinyanın çarəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etdi. Paşinyanın paradda iştirak üçün 1 gün öncədən Moskvaya gəlməsi də diqqətçəkən məqamdır.

Paşinyanın paradda ön cərgədə əyləşməyi əslində onun və onun timsalında Ermənistanın reallığını əks etdirir. Paşinyan hər nə qədər Qərb meylli siyasətçi kimi tanınsa da reallıq ondan ibarətdir ki, nə özü, nə də ölkəsi Kremlin təsirindən çıxa bilmir.

Əslində Paşinyanın ön sırada əyləşdirilməsi də təsadüfi deyildi. Bu, Kremlin Qərbə verdiyi ciddi bir mesajdır. Mesajın ümumi məğzi isə belədir: “Ermənistan mənim orbitimdədir və uzun müddət belə qalacaq”.

Və sonda

Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. İşğalda SSRİ-dən qalma 366-cı alayın da yaxından iştirakı faktı hər kəsə bəllidir. 2020-ci ilin 8 noyabr tarixində Şuşa Azərbaycan ordusu tərəfindən azad edilib. Artıq bu şəhər Azərbaycanın yalnız mədəni paytaxtı deyil, həm də siyasi mərkəz roluna malikdir. Prezident İlham Əliyev ən mühüm bəyanatlarını bu Qala şəhərdən verir. Dəfələrlə buradan açıqlamalar səsləndirib, çıxışlar edib. Bu günlərdə İlham Əliyev yenə Qarabağda, Şərqi Zəngəzurda və Şuşadadır. Olduqca mühüm tədbirlər, açılışlar edir. 9 may günü prezidentin bir fotosu yayıldı. O, Şuşada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan küçədə lövhənin açılışı etdi və həmin lövhənin fonunda şəkil çəkdirdi. Şuşa Bəyannaməsinin imzalandığı şəhərdən belə bir şəklin paylaşılması Rusiya daxil, bütün hegemon güclərə mesaj idi. Həmçinin Şuşanın həm də Türkiyənin, Türk Dünyasının mənəvi paytaxtı olmasının növbəti təqdimatı oldu. Bu mesaj vaxtlar Şuşada sərxoş halda rəqs edən Paşinyana və erməni ictimaiyyətinə də öldürücü ismarış oldu.