Şuşanın 2 kəndindən sonra növbəti hədəf nədir? – Separatçıların halqası daralırbackend

Şuşanın 2 kəndindən sonra növbəti hədəf nədir? – Separatçıların halqası daralır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Silahlı Qüvvələrinin birinci eşelon bölmələri tərəfindən Şuşanın Allahqulular və Zamanpəyəsi kəndlərinin nəzarətə götürülməsi növbəti hədəfimiz idi”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

O, son həftə ərzində Azərbaycan ordusunun Qarabağın dağlıq hissəsində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində yeni əraziləri nəzarətə götürməsindən söz açıb.

Polkovnikin sözlərinə görə, şəxsi heyətin itkisi olmadan bu əməliyyatların keçirilməsi indiki dönəm üçün uğur sayıla bilər:

“Amma hədəflərimiz hələ ki tam həyata keçirilməyib. Lakin taktiki səviyyədə bölmələrimiz təpələri, yüksəklikləri, sərhədyanı kəndləri bir-bir nəzarətə götürsə də, böyük hədəf Qarabağın sülhməramlıların nəzarəti altında olan bölgəsidir. Onda hədəfimiz tam tamamlanmış olacaq.

Düşünmürəm ki, Rusiya sülhməramlıları bunu həzm edə bilsinlər. Çünki nəzarətə götürülən ərazilərdə Rusiya sülhməramlıları 1960 nəfər heyət və 30 postla fiziki olaraq bu boşluqları bağlamaq iqtidarında deyil, o gücdə deyillər ki, bölmələrimiz bu əraziləri nəzarətə götürə bilməsin”.

E. Şıxəliyevin fikrincə, əsas məsələ Qarabağın 360° perimetrində Azərbaycan ordusu ilə təmas vəziyyəti yaradan qanunsuz silahlı birləşmələridir:

“Əgər onlar silahlarını yerə qoyub demilitarizasiyaya getsələr, düşünə bilərik ki, ərazilərimiz silahlı münaqişə olmadan nəzarətimizə keçər. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri mütləq antiterror əməliyyatlarını həyata keçirməyə məcbur olacaq. Çünki hazırda orada 10 minə yaxın əlisilahlı adam var. Onların mövqeləri, birinci eşelon bölmələrimiz ilə üz-üzə dayanan səngər sistemi – təmas xətləri var”.

Hərbi ekspert aydınlaşdırıb ki, hazırda Qarabağ erməniləri üçün halqanın daralması prosesi baş verir:

“İstənilən halda siyasi iradə ondan ibarətdir ki, yerdə qalan ərazilər də yurisdiksiyamıza keçsin. Silahlı Qüvvələrimiz də bunu mərhələ-mərhələ həyata keçirir.

İndiki mərhələdə ən uyğun variant halqanın hissə-hissə daraldırılmasıdır. Xüsusən də yeni nəzarətə götürülən ərazilərdə. Çünki hər bir ərazi yeni imkanlar, eləcə də atəş və nəzarət müşahidəsi yaradır. Bunun nəticələrini 2 istiqamətdə gözləməliyik”.

E. Şıxəliyev diqqəti ona yönəldib ki, qarşı tərəfə inteqrasiya və sülh təklif edilir:

“Lakin bu, sülh yolu ilə baş verməsə, məsələni güc yolu ilə həll etməliyik. Hazırda hər iki variant keçərlidir. Bunların baş verib-verməməsi isə qarşı tərəfin reaksiyasından asılıdır. Əks təqdirdə, baş verən əməliyyatlar yenə də davam edəcək.

Əgər qarşı tərəf müqavimət göstərsə, “Fərrux” və “Qisas” əməliyyatlarında bunun nəticələrini onlara göstərdiyimiz kimi, hadisələr yenə də eyni olacaq. Artıq sülhməramlılar da əvvəlki kimi ermənilərin müdafiəsi və Qarabağdakı separatçı rejimin istəkləri üzərinə davranmayacaq. Çünki Ermənistanın Roma statusunu qəbul etməsindən sonra Rusiya bu dövlətə fərqli yanaşma sərgiləyəcək. Odur ki, zaman və baş verən proseslər lehimizədir və hədəflərimiz istəklərimiz istiqamətində həyata keçirilir”.