Macarıstan Vladimir Zelenskinin təhdidlərinə baxmayaraq, Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək.
NOCOMMENT.az bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto jurnalistlərin Kiyevdə Budapeştin mövqeyinin nəticəsiz qalmayacağı ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
“Aydın bildirmək istərdim ki, prezident Zelenski bizi nə qədər hədələsə də, Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək”, – XİN rəhbəri Budapeştdə andorralı həmkarı İmma Tor Fausla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Szijarto hesab edir ki, “Prezident Zelenski Macarıstana və Macarıstan xalqına, o cümlədən Zakarpatyada yaşayan macarlara qarşı son dərəcə düşməndir”. “O, açıq-aydın Macarıstana və macar xalqına düşmən kimi yanaşır. Bu, son illərdə hamıya aydın olub”, – Szijyarto vurğulayıb.
O, Ukrayna hakimiyyətinin Zakarpatya bölgəsindəki macar azlığını fundamental hüquqlarından məhrum etdiyini, yerli təhlükəsizlik qüvvələrinin bu yaxınlarda Berehove şəhərinin 45 yaşlı sakini, etnik macar Yozef Sebestyeni öldürdüyünü xatırladıb. O, cəbhəyə getmək istəmədiyi üçün çağırış məntəqəsində vəhşicəsinə döyülərək xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib. Macarıstan Avropa İttifaqından məcburi hərbi xidmətə çağırış və insan haqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyan üç Ukrayna hərbi liderinə qarşı sanksiyalar tətbiq etməyi tələb edib.
Macarıstan hökuməti Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxır və hesab edir ki, bu, Aİ ölkələrini Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb edəcək və Avropa iqtisadiyyatını məhv edəcək.