Şiddətli musson yağışları səbəbindən Taylandın şimalındakı bir çox şəhərdə həyat dayanıb. Chiang Mai şəhərində daşqınlar nəticəsində magistral körpü uçub.
NOCOMMENT.az xəbər verir ki, Taylandın xüsusilə şimal bölgələrində uzun müddətdir təsirli olan musson yağışları mənfi təsirini davam etdirir. Güclü yağışlar ölkənin şimalında çoxlu çayların daşmasına səbəb olub, sel fəlakəti nəticəsində bir çox ev və iş yerlərini su basıb. Tayland Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada həftələrdir davam edən yağışlar nəticəsində təxminən 46 min hektar kənd təsərrüfatı sahəsinin zərər gördüyü, 10 mindən çox heyvanın öldüyü bildirilib.
Yağışların təsirli olduğu Ubon Raçathani şəhərində suyun səviyyəsinin yerlərdə 1,5 metrdən yuxarı qalxması səbəbindən çox sayda vətəndaş evlərindən təxliyə edilib. Tayland Fəlakət Müdirliyi, Tayland Ordusu və müxtəlif qeyri-hökumət təşkilatlarının birgə həyata keçirdiyi təxliyyə və yardım işləri bəzi bölgələrdə gəmilərlə həyata keçirilib. Evlərindən təxliyə edilən vətəndaşlar Tailand ordusunun bölgədə qurduğu təcili yardım mərkəzinə yerləşdirilib.
Bu gün axşam saatlarında Chiang Mai şəhərində avtomobil yolu körpüsü selə tab gətirə bilməyib çöküb. Körpüdə nəqliyyat vasitəsinin olmaması qəzada can itkisinin qarşısını alarkən, körpünün təxminən 60 metr hissəsinin su altında qaldığı müşahidə edilib. Hadisə anı həmin vaxt daşqını lentə alan vətəndaşın kamerasına düşüb.