“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.
Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırıb.
NOCOMMENT.az savash.org-a istinadən xəbər verir ki,T.Yüzbəyova Xalq artisti Rasim Balayevin cavabı kifayət qədər sərt olub. “Künc-bucaq” layihəsinin qonağı olan sənətçi Yüzbəyovun ittihamlarına cavab verib:
“Ekrandan söyüş söyməzlər. Bəs o bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə, deyib ki, ev alanlar tərbiyəsizdir. Bu tərbiyəsizlikdir? O, çox qələt danışıb. Hökumət zaman-zaman sənət adamlarını qiymətləndirib və ev bağışlayıb. Bu ta qədimdən gələn bir ənənədir, o vaxt şahlar da dahi şairlərə ənam verirdilər. Bu hökumətin sənətkarlara diqqətidir, burada tərbiyəsiz nə var? Məsələn, mən erməninin evində kirayə yaşamışam, bu, mənim yaradıcılığıma da təsir edirdi, daha sonra dövlət mənə mənzil verib.
Taleh Yüzbəyovun yazdığı fikirlər də aydın deyil, anlaşılmır, dumanlıdır. Elə ona görə də bu cür adamların çəkdiyi filmlər də anlaşılmır. Biz konkret söyüşdən danışırıq.
Mən heç vaxt kimisə qaralamaq fikrində olmamışam. Əksinə, mənim özümə qarşı kampaniya aparılıb. Bəzən çıxıb deyiblər ki, Kino İttifaqını yedilər, dağıtdılar. Nə yedik, nə dağıtdıq? Hamısı şər, böhtan, yalandır”.
Qeyd edək ki, Xalq artisti Rasim Balayev ötən gün “Yeni Sabah”a açıqlama verərək, “Alatava” serialında söyüş söyülməsini və qeyri-etik ifadələrin ekrana gətirilməsini tərbiyəsizlik adlandırmışdı.