Talıbovdan sonra Naxçıvanda “PashaPay”ın terminalları kəskin artıbbackend

Talıbovdan sonra Naxçıvanda “PashaPay”ın terminalları kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə Naxçıvan Muxtar Respublikasında 261 ödəniş terminalı mövcud olub.

NOCOMMENT.az xəbər verir ki, ödəniş terminallarının sayı ilin əvvəlindən ötən 10 ay ərzində 65 ədəd və ya 33% artıb.

Qeyd edək ki, ödəniş terminallarının 43,7%-i və ya 114 ədədi “PashaPay” MMC-yə məxsus olan “MilliÖn” terminalları olub. Son 10 ay ərzində Naxçıvanda “MilliÖn” terminallarının sayı 44 ədəd (63%) artıb.

Ödəniş terminallarının 40,6%-i və ya 106-sı “Naxçıvanbank” ASC-yə məxsus olub. Son 10 ay ərzində “Naxçıvanbank” ASC-yə məxsus terminalların sayı 12 ədəd (13%) artıb.

Terminalların sayına görə 3-cü sırada “Kapital Bank” ASC qərarlaşıb. Naxçıvandakı terminalların 12,3%-i və ya 32 ədədi “Kapital Bank”a məxsus olub. “Kapital Bank”ın terminallarının sayı isə ilin əvvəlindən ötən 10 ay ərzində 8 ədəd (33%) artıb.

Digər banklara məxsus ödəniş terminallarında cidd dəyişiklik olmayıb. Noyabr ayının əvvəlinə olan məlumata görə ABB-nin Naxçıvanda 4 (1 ədəd artıb), “Azər-Türk-Bank” ASC-nin 3, “Bank Respublika” ASC 1 və “AccessBank” ASC-nin isə hərəsinin 1 ödəniş terminalı olub.

Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa verib.

Vasif Talıbovun istefasından 2 ay sonra onun ailə üzvlərinə məxsus “Naxçıvanbank” ASC satılıb.

Qeyd edək ki, bank səhmlərinin 63,66%-nin Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Bu ilin fevral ayının 1-də isə Talıbovun ailə üzvləri “Naxçıvanbank” ASC-dəki səhmləri satıblar.

Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın yeni səhmdarları Hüseyn Məmmədov Yaşar oğlu (63,66%), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludur (9,82%) \ Yeniavaz.com