“Talıbovun əmlakı satışa çıxarılsın” ÇAĞIRIŞIbackend

“Talıbovun əmlakı satışa çıxarılsın” ÇAĞIRIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasında saysız-hesabsız insanların xüsusi mülkiyyətində olan əmlakları zorakılıqla əllərindən alınıb. Onlara təbii ki, heç kompensasiya ödənilməyib. Kiçik çayxanalardan tutmuş, böyük obyektlərə qədər xeyli sayda sahibkar Talıbovların əməllərindən külli miqdarda zərər çəkib, bəziləri müflis olub. Buna etiraz edənləri hədələyiblər, qorxudublar. Bu işdə Talıbova tabe olan güc orqanları fəal yer alıb. Əmlakları zorla əlindən alınanlar da “Talıbovun əmlakı satışa çıxarılsın” çağırışı edirlər. Hesab edirlər ki, bu ən ədalətli yanaşmadır.

O baxımdan insanların əmlakının belə zorakı şəkildə əllərindən alınması artıq bir faktdır. Cinayət Məcəlləsində bununla bağlı konkret maddələr var. Belə ki, Talıbovun qanunsuz yolla əldə etdiyi əmlaklara məhkəmə yolu ilə həbs qoyulmalıdır. Daha sonra o hərraca çıxarılmalı və sahibkarlara, vətəndaşlara dəymiş zərər ödənilməlidir. Yəni dəymiş maddi və mənəvi ziyan məhkəmə yolu ilə ödənilə bilər.

Vasif Talıbovun əmlakları müsadirə oluna və o pullar hesabına sahibklarlara kompensasiya ödənilə bilərmi? Bunu hansı mexanizmlər əsasında həyata keçirmək olarmı?

NOCOMMENT.az xəbər verir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, ilk olaraq Vasif Talıbovdan şikayətçilərin şikayətvermə müddətləri ilə bağlı məsələ aydınlaşmalıdır: “10 il əvvəl kiminsə biznesi əlindən alınıbsa, əmlakı dağıdılıbsa, qanunsuz olaraq mülkiyyət hüququndan məhrum olunubsa və həmin şəxs çəkinərək, qorxaraq heç bir dövlət orqanına şikayət etməyibsə, məhkəməyə müraciət etməyibsə, məsələ bir qədər qəlizləşir. Azərbaycanda adətən belədir ki, vətəndaşlar vəzifədə olan məmurun qanunsuzluqlarından şikayət etməyə çəkinirlər. Əlbəttə ki, bunun obyektiv səbəbləri var. Lakin hər bir halda hüququ pozulan şəxs şikayət etməlidir, məhkəməyə üz tutmalıdır. Aydındır ki, bu halda vəzifədə olan şəxsin əleyhinə qərar verilməyəcək. Buna baxmayaraq, şikayət edənin əlində əsas olacaq ki, vaxtında ona qarşı cinayət əməlinə görə şikayət edib. Məmur vəzifədən çıxarılandan sonra isə şikayətinə ədalətli şəkildə baxılmasına nail ola bilər. Bu günün özündə də çox yüksək vəzifə sahibləri var ki, Vasif Talıbovun vəzifədə olduğu müddətdə törətdiyi qanunsuzluqları hər gün təkrarlayırlar. Vasif Talıbovdan şikayətçilər də var ki, məhkəmələr əleyhinə qərar çıxarıb. Bu gün həmin şəxslər üçün heç bir hüquqi məhdudiyyət yoxdur. Vaxtında şikayət verməyənlərə isə deyə bilərlər ki, vaxtında niyə şikayət verməmisən?”

Əkrəm Həsənov deyir ki, Vasif Talıbovdan əvvəl Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevlə bağlı da eyni durum yaşanıb: “Cahangir Hacıyev həbsə alınandan sonra ondan xeyli şikayət edən oldu. Aydın idi ki, həmin cinayətləri Cahangir Hacıyev təkbaşına etməmişdi, edə də bilməzdi. Vasif Talıbovla bağlı da aşağı-yuxarı eynidir. Bu adam 27 il Naxçıvanda nə ağlına gəlibsə, onu da edib. Özünü qanundan üstün sayıb və istədiyini edib. Bu gün isə o, vəzifədə deyil. Vətəndaşlar hansılar ki, şəxsən Vasif Talıbov onlara ziyan vurub, onlar birbaşa onun özünü yox, əgər ona məxsus şirkətdən ziyan çəkiblərsə, həmin şirkəti məhkəməyə verib ziyanı tələb etməlidirlər. Və ya prokurorluğa şikayət verməlidirlər. Bu halda da ziyanın ödənilməsini məhkəmədə tələb etməlidirlər. Hər bir halda, məhkəmə qurulmalıdır”.

Əkrəm Həsənov deyir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl aidiyyət məsələsini aydınlaşdırmalıdırlar: “Ola bilər ki, Vasif Talıbov vətəndaşlara ziyanı Naxçıvan Ali Məclisinin sədri kimi vurub. Bu halda, inzibati məhkəməyə verilməlidir. Bu halda vətəndaşa ziyan Vasif Talıbovun əmlakı hesabına deyil, dövlət hesabına ödəniləcək. Dövlət də öz növbəsində həmin ziyanı Vasif Talıbovun əmlaklarının satılması hesabına qarşılayacaq. Əgər Vasif Talıbov barəsində cinayət işi başlanıb həbs ediləcəksə, bu halda əmlakları üzərinə həbs qoyulacaq. İş üzrə zərərçəkənlər məhkəməyə mülki iddia təqdim etməklə vurulmuş ziyanı tələb edə bilərlər”.

Əkrəm Həsənov deyir ki, Azərbaycan Konstitusiyasına görə, məhkəmə qərarı olmadan heç kəsin əmlakı əlindən alına bilməz: “Vasif Talıbov olmasın, kim olur-olsun, məhkəməsiz əmlakları əlindən alına bilməz. Məsələnin başqa tərəfi də var – Vasif Talıbovdan şikayətçilərin sayı o qədər çox ola bilər ki, onun adına olan əmlakların satışından əldə olunan pul həmin şikayətçilərə çatmaya bilər. Vasif Talıbovdan şikayətçilərə ümumi tövsiyəm budur ki, gedib şikayətlərini etsinlər”.

Əkrəm Həsənov deyir ki, Vasif Talıbovdan şikayətçilərin Azərbaycan məhkəmələrində hüquqlarını bərpa etmək, vurulmuş ziyanı tələb edib almaq imkanları var. Bununla belə, şikayətlərini Avropa Məhkəməsinə daşımaq hüquqları da qalır: “Vasif Talıbov uzun müddət vəzifədə olub və Azərbaycan məhkəmə sistemində onun təmsil etdiyi regiondan olan, onunla hesablaşan xeyli hakimlər var. Bu baxımdan, Vasif Talıbov ona qarşı şikayətləri öz xeyrinə həll edə bilər. Təbii ki, bu halda zərərçəkənlər Avropa Məhkəməsinə üz tuta bilərlər. Biz Akif Çovdarov nümunəsində Azərbaycan məhkəməsinin “ədalətini” gördük. Vasif Talıbov Akif Çovdarovdan daha böyük fiqur olub. Eyni zamanda Vasif Talıbov hüquq-mühafizə sistemindən kənar olub deyə, özünün toxunulmazlığına həddindən artıq inanıb və əldə etdiyi əmlakları da özünün adına keçirib. Akif Çovdarov isə zamanında cinayət yolu ilə əldə etdiyi əmlakları başqalarının adına rəsmiləşdirib. Vasif Talıbov bu sahədə o qədər də təcrübəli olmayıb və onda əminlik hissi olub ki, mənə dəyməyəcəklər, qanunsuzluqları da çox pərdələməyə və ya ümumiyyətlə, pərdələməyə çalışmayıb. Bu baxımdan, Vasif Talıbovdan şikayətçilərin tələb etdikləri zərərin qarşılığını almaq imkanları daha çoxdur”.

Əkrəm Həsənov deyib ki, özünün razılığı olmadan Vasif Talıbovdan əmlakları məhkəmədən kənar alına bilməz: “Mümkündür ki, Vasif Talıbov vaxtilə ziyan vurduğu şəxslərlə barışmağa cəhd etsin, onlara vurduğu ziyanı ödəmək təşəbbüsü qaldırsın. Bu halda zərərçəkən tərəf zərərin qarşılığını alıb şikayət etməyə bilər. Digər hallarda isə məsələ məhkəmə-hüquq müstəvisində həll edilməlidir”.