Tarif Şurasına suallar və ya ekologiya belə qorunmur – Tural Yusifov yazırbackend

Tarif Şurasına suallar və ya ekologiya belə qorunmur – Tural Yusifov yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası gecə ilə ölkə ərazisində yanacağın qiymət artımı ilə bağlı qərar verdi. Aİ-92 1 manat, dizel yanacağı isə 80 qəpik oldu. Tarif Şurasının bununla bağlı çox maraqlı açıqlaması var. 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin artmasına görə məsrəflər artır bu qiymətlər həmin məsrəfləri qarşılmaq üçündür.

Xatırladım ki, Avropa emissiya standartı olan Avro-5 standartı 1 sentyabr 2009-cu ildən tətbiq edilir. Yəni bizim istehsal edıəcəyimiz yanacaq Avropadakı qəbul edilmiş standartdan 14 il geri qalacaq. Bu arada, 2015-ci ildən Avropada yanacağa Avro-6 standartı tətbiq edilir. Məsələ budur ki, biz indidən pul veririk ki, 2023-cü ildə avtomobillərimiz daha aşağı standartda yanacaqla təmin olunsun. Həm də sən əvvəl bu yanacağı istehsal et, sonra həmin yanacağa görə pul al. Bu ipotekadır ki, mən ilkin ödəniş etməliyəm?

2023-cü ildə yanacağın standartı keyfiyyətcə geridə qalmış olacaq. Çünki Avropada artıq Avro 7 tətbiq ediləcək və ekoloji standartlar daha da sərtləşdirilir. Şuranın digər əsaslandırılmasına görə ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün dizelin qiyməti qaldırılır. Bu da əsassızdır. Çünki hal-hazırda Avro 2 standartında olan yanacağın ekoloji ziyanı onsuz da çoxdur. Dizeldən Aİ-92-ə keçməklə heç bir ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmayıblar. Ümumiyyətlə Bakıda hava pisləşibsə, bunun Beylaqandakı sürücüyə nə aidiyyatı var? Havası ən təmiz olan şəhərdə dizelin qiyməti niyə qalxır ki?

27 dekabr 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” var. Orada ekologiya ilə bağlı bir neçə vacib məqam var.

Nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin Avro- 4, habelə daha yüksək olan Avro-5, Avro-6 və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi 2019-2023 -cü il üçün nəzərdə tutulub.

Burada ilk sualımız yaranır. Əgər 2023-cü ildə Avro-6-ya keçməyimiz lazımdırsa, nə üçün Tarif Şurası Avro-5 deyir? Proqramda bu Avro-6-dır. Demək ki, bu hələ son deyil? Avro-6 olması üçün ayrıca qiymət qalxacaq?

Bu arada 2023-cü ildən etibarən isə Avropada daxili yanma mühərrikli avtomobillərin istismarı əhəmiyyətli dərəcədə azaldılacaq. Azalma təxmini 50% təşkil edəcək. Bu o deməkdir ki, yenə də utilizasiya edilməli olan avtomobillər ölkəmizə idxal ediləcək.

Əzizlərim, dizelin qiymətinin artırmaqla ekoloji vəziyyətin düzəlməsi ilə bağlı qərar verdiyinizə əminsiniz? Ölkəyə işlənmiş təkər gətirilir, ölkədə atılan təkərlərin utilizasiyası yoxdur, amma biz ekologiyanın qorunmasını yanacağın qiymətinin artırılmasından başlayırıq. Ölkəyə avtomobil idxalı artıb deyirlər. Heç kim demir ki, hansı avtomobillər? Yeni, yoxsa tullantı?

Davam edirik. Bu proqramın 7-ci bəndində deyilir: “Aktiv, passiv, ekoloji və qəza sonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi 2019-2020-ci il üçün nəzərdə tutulub”.

Üçüncü bir sual yaranır. Ekoloji təmiz avtomobillərin istismarı üçün qiymət artımına getmək lazım idi, yoxsa bu
cür avtomobillərin idxalını stimullaşdırmaq?

Ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması, ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlər görülməsi isə 2019-2021-ci il üçün nəzərdə tutulmuşdu.

2019-2020-ci illərdə siz infrastruktur tədbirləri gördünüzmü?

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi 2019-2020-ci il üçün nəzərdə tutulmuşdu. Nə oldu onun axırı?

Dövlət proqramında ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırlılması bəndləri qalıb kənarda, siz isə ilk olaraq yanacaqdan başlamısınız. 2020-ci il artıq bitib. Ölkədə istismar edilən avtomobillərin 75%-dən çoxunun yaşı 20 ili keçib. Bu maşınlar Aİ-92 yanacaq vursa, nə dəyişəcək? Doğurdanmı düşünürsünüz ki, sürücülər bu qərardan sonra dizel yanacaqlı avtomobilləri satıb Aİ-92-i ilə işləyən avtomobil alacaqlar ?

Siz səmimi qəlbdən buna inanırsınız? Yoxa buna inanmağımızı gözləyirsiniz?

Ekologiyanı və yol hərəkəti təhlükəsizliyini düşünənlərin qərarı belə olmur. Əgər insanların daha çox ekoloji avtomobil idarə etməsini stimullaşdırmaq istəyirsinizsə, bunu qiymət artımı ilə etmirlər. Ekoloji təmiz və yeni avtomobil almaq üçün avtomobillərin qiymətini əlçatan etmək lazımdır. Bunun üçün sadəcə avtokrediti istehlak kreditindən ayırmaq lazımdır. Avtomobil almaq evə televizor almaqdan çox fərqlənir. Avtodillerləri 3 illik vergidən azad edirisiniz ki, ölkənin avtoparkı yenilənir. Dizelin qiymətini artırmaqla siz avtoparkı yeniləmirsiniz. Bu avtopark yenə köhnələcək. Yenə də zəhər udacağıq, yenə də yollarda qırğın olacaq. Köhnə avtoparkı yeniləmək əvəzinə məşğul olduğunuz işə baxın.

Aktiv, passiv, ekoloji və qəza sonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalının, ölkə ərazisində alqı-satqısının, habelə sair formada dövriyyəsinin stimullaşdırılması üçün tədbirlər görülməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi müddəti artıq bitib (2019-2020).

Lazım olan bütün təkliflər verilib. Bunu qaydaya salmaq lazımdır. Əhməd kişi yenə VAZ 2106-nı sürəcək. Borc-xərc, amma yenə sürəcək. Çünki o, şəhərə heyva daşıyır. Sadəcə daşıdığı heyvanın qiyməti qalxacaq. Ola bilər ki, Tarif Şurasında qərar verən hansısa müəllimin o heyvaya pulu çatacaq. Amma Məhəmmədhəsən dayının pulu çatmayacaq. Düşünsək ki, heyva satmaqla Əhməd kişi varlanıb daha çox vergi ödəyəcək, burada da səhv etmiş olarıq. Çünki Əhməd kişinin də xərcləri artacaq.

Xub! mən bu qərarla razıyam. Tutaq ki, bu ümumi işə xeyirli olacaq və biz Əhməd dayı, Məhəmmədhəsən əminin deyil ümumi maraqları düşünərək bu qərarı alqışlamalıyıq. O zaman bu qərarın ardı gəlməlidir.

CNG ilə işləyən avtomobillərin və ya sonradan bu avadanlıqlarla təhciz edilmiş avtomobillərin qeydiyyatı zamanı minimum rüsumlar tətbiq eidlir və bürokratik əngəllər aradan qaldırılmalıdır. Avtomobilinə CNG quraşdırıb qeydiyyata gedənlərə “OLMAZ” deyildiyini hamı bilir.

Ekoloji avtomobillərin (elektrik, hidrogen, qaz, hibrid ) idxalı zamanı vergi güzəştləri. Elektrikli, hidrogenlə çalışan avtiomobillərin 0% vergiyə cəlb edilməsi. Qazla işləyənlərə 50% vergidən azad edilməsi.

Şəhərdə ictimai nəqliyyat tam olaraq CNG ilə işləyən avtobuslara keçməlidir. Amma yeni alınan avtobusların arasında dizellə işləyənlər də var. İndi yenidən dövlət onlara subsidiya ayırmalıdır ki, avtobuslarda gediş haqqı qalxmasın.

Bunları etdinizmi? Etmədiniz! Yenə köhnə hamam, köhnə tas. Yenə köhnə avtopark, zəhərli yanacaq, ziyanla işləyən dövlət şirkətləri, xidmət və satış xərci qalxan sahibkarlar və yenə də “yəqin düzələr” ümidi.

Əziz, Tarif Şurası, ümumiyyətlə bu işi görmək üçün mütləq gecəni gözləmək lazımdır. Bu xüsusi ritualdır, yoxsa düşər-düşməzi olar deyə belə edirsiniz?

Cavab vermnəsəniz də olar. Çünki o qədər dolaşıq açıqlama veririsiniz ki, sonra efirdə onu tərcümə etməyimiz lazım gəlir.

Tural Yuisfov