Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edildibackend

Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub.

NOCOMMENT.az xəbər verir ki, ötən il Tbilisidə işıq üzü görən nəşrin Gürcüstan Yazıçılar Evində təqdimat mərasimi keçirilib.

Müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev olan kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.

Nəşrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyatı, humanist keyfiyyətləri, müxtəlif sahələri əhatə edən xeyriyyəçilik fəaliyyəti, layiq görüldüyü ali mükafatlar, beynəlxalq tədbirlərdə iştirakı və çıxışları haqqında ətraflı məlumatlar, xarici media qurumlarına müsahibələri və fotoşəkilləri yer alıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında deyib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi humanitar sahədə də əlaqələr uğurlu inkişaf dövrünü yaşayır. Diplomat Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial-humanitar layihələr barədə danışıb:

“Fondun Gürcüstanda təhsil və maarif sahəsində reallaşdırdığı layihələr xüsusilə təqdirəlayiqdir. Əminəm ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və yeni layihələr həyata keçiriləcək”.

Daha sonra çıxış edən Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze kitabın nəşrini yüksək qiymətləndirərək qeyd edib ki, Mehriban xanım Əliyeva bütün dünyada yalnız Azərbaycanı deyil, bütün Qafqazı layiqincə təmsil edir.

Tədbir gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib. Natiqlər Gürcüstan-Azərbaycan münasibətləri, hər iki xalq arasında qarşılıqlı hörmət, güclü dostluq əlaqələrindən söz açıblar. Bildirilib ki, Azərbaycanın Birinci xanımı haqqında gürcü dilində nəşr olunan kitab Gürcüstan ictimaiyyətində böyük maraqla qarşılanacaq.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondunun təşkil etdiyi mərasimdə Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, deputat Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.