TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISIbackend

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son həftələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin (TƏBİB) idarəetməsində kadr islahatları aparılır. İslahatlar çərçivəsində TƏBİB-də vəzifə tutan, o cümlədən bir sıra xəstəxanaların direktorları vəzifələrindən azad ediliblər.

NOCOMMENT.az davam edən islahatlar nəticəsində TƏBİB-dəki vəzifəsindən azad edilmiş şəxslərin siyahısını təqdim edir:

Vüqar Qurbanov

Fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

Nəzrin Adıgözəlzadə

Fevralın 17-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.

Zamirə Ədilova

Aprelin 8-də TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətini başa vurduğunu açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Z. Ədilova 2022-ci ilin fevralından TƏBİB-də çalışırdı. Sözügedən vəzifə Elnur Hidayətoğluna həvalə olunub.

Hikmət İbrahimli

Aprelin 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli vəzifəsindən ayrılıb. Qeyd edək ki, o, 2020-ci ildə TƏBİB-in yaradılmasında yaxından iştirak edib.

Səkinə Sadıxova

Aprelin 21-də Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib. O, 2024-cü ilin dekabrında bu vəzifəyə təyin olunmuşdu.

Pərviz Hacıyev

Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev də son günlərdə vəzifəsindən azad olunanlar sırasındadır. O, ötən ilin oktyabrında bu vəzifəyə təyinat almışdı.

Barat Yusubov

“Yeni Klinika”nın direktoru Barat Yusubov da bu gün vəzifəsindən azad olunub. Bu barədə açıqlamasında Barat Yusubovun özü məlumat verib. O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb. Barat Yusubov 2022-ci ildə bəri “Yeni Klinika”nın direktoru vəzifəsində çalışırdı.

Könül Ələkbərov

Bu gün Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib. K.Ələkbərov bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb. “Yeni Klinika”nın direktoru Barat Yusubov da bu gün vəzifəsindən azad edilib.

Nurəngiz Bəşirova

Həmçinin, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda kollektivlə iclas keçirən N.Bəşirovunun azad edilməsi haqqında rəsmi məlumat sabah açıqlanacaq.

Mirələm Cəlalov

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov vəzifəsindən azad olunub. Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.

Qeyd edək ki, xəstəxana direktorlarından əlavə, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov, Vüqar Yaqublu, Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev vəzifələrindən azad ediliblər. (News365.az)