TƏBİB-in son dövrlərdə qəbul etdiyi qərarlar ətrafında yaranan narazılıqlar getdikcə artır. Xüsususilə dövlət xəstəxanalarında və poliklinikalarda stomatoloji kabinetlərin ləğv edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu qərar nə ictimai maraqlara, nə də səhiyyə sisteminin sağlam və dayanıqlı inkişafına xidmət edir.
Uzun illər ərzində dövlət stomatoloji kabinetləri aztəminatlı ailələr, yaşlılar, tələbələr və regionlarda yaşayan insanlar üçün yeganə əlçatan tibbi yardım mənbəyi olub. Bu müəssisələrdə xidmətlər ya pulsuz, ya da minimal ödənişlə göstərilirdi. Bir çox insan üçün məhz bu kabinetlər diş sağlamlığını qorumağın yeganə yolu idi. İndi isə bu imkanlar aradan qaldırılır və vətəndaşlar məcburi şəkildə bahalı özəl klinikalara yönləndirilir. Nəticədə maddi imkanı olmayan insanlar müalicədən imtina etməyə, xəstəliklərini illərlə içində saxlamağa məcbur qalırlar.
Dövlət stomatoloji xidmətlərinin ləğvi sosial bərabərsizliyi daha da dərinləşdirir. Özəl klinikalarda sadə bir müayinə, plomb və ya diş çəkilməsi belə bir çox ailənin aylıq büdcəsinə ciddi təsir göstərir. Xüsusilə regionlarda yaşayan və sabit gəliri olmayan vətəndaşlar üçün bu qiymətlər əlçatmazdır. Bir çox rayon və kəndlərdə alternativ xidmət olmadığı üçün insanlar müalicə üçün paytaxta gəlməyə məcbur qalır, bu isə əlavə yol xərcləri, vaxt itkisi və sosial gərginlik yaradır.
Daha acınacaqlısı isə özəl sektorda fəaliyyət göstərən həkimlərin hamısının peşəkar olmamasıdır. Heç bir ali tibbi təhsili olmayan, qısa müddətli kurslar və ya şübhəli sertifikatlar əldə edərək özünü stomatoloq kimi təqdim edən şəxslər də rahatlıqla klinika açır və fəaliyyət göstərir. Dövlət nəzarətinin zəif olduğu bu sahədə belə şəxslər insanların sağlamlığı üzərindən qazanc əldə edir. Yanlış müalicə, sterilizasiya qaydalarına əməl edilməməsi, keyfiyyətsiz materiallardan istifadə ağır fəsadlara, yoluxucu xəstəliklərə və uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur. Vətəndaş isə əksər hallarda bu risklərin fərqində olmadan öz sağlamlığını etibarsız əllərə etibar edir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Bayramlı vəziyyəti ciddi sosial problem kimi dəyərləndirir:
“Dövlət stomatoloji xidmətlərinin ləğvi yalnız tibbi məsələ deyil, eyni zamanda sosial təhlükəsizlik məsələsidir. Bu qərar aztəminatlı təbəqəni faktiki olaraq səhiyyə sistemindən kənarda qoyur və cəmiyyətdə sosial narazılığı artırır. Elə bir vəziyyət yaranır ki, sağlamlıq artıq hüquq deyil, imkana çevrilir. Pulu olan müalicə olunur, olmayan isə ağrısı ilə yaşamağa məcbur qalır. Bu isə cəmiyyətdə dərin sosial uçurum yaradır. Dövlət səhiyyəsi zəiflədikcə, insanlar özlərini tək və müdafiəsiz hiss edirlər. Bu, gələcəkdə həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olacaq”.
Elçin Bayramlı həmçinin qeyd edir ki, dövlət sektorunun zəiflədilməsi özəl sektorun nəzarətsiz şəkildə böyüməsinə şərait yaradır:
“Nəticədə keyfiyyət yox, qazanc əsas meyara çevrilir. Bu isə səhiyyənin humanist mahiyyətinə ziddir.
Stomatoloji kabinetlərin ləğvi əvəzinə onların maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının yaxşılaşdırılması və xidmət keyfiyyətinin artırılması daha məqsədəuyğun olardı. Dövlət sektorunun zəiflədilməsi yox, əksinə, gücləndirilməsi vətəndaşların sağlamlığının qorunmasına real töhfə verə bilərdi. Bununla yanaşı, özəl klinikaların fəaliyyəti üzərində ciddi və şəffaf nəzarət mexanizmləri yaradılmalı, saxta “həkimlərin” qarşısı qətiyyətlə alınmalıdır”.
“Hazırkı vəziyyət isə göstərir ki, qəbul edilən qərarlar əhalinin real ehtiyacları nəzərə alınmadan verilir. Dövlət stomatoloji kabinetlərinin ləğvi minlərlə insanın tibbi yardıma çıxışını məhdudlaşdırır, sosial narazılığı artırır və səhiyyə sisteminə inamı zəiflədir. Bu qərarın yenidən nəzərdən keçirilməsi, ictimai rəyin və mütəxəssis fikirlərinin nəzərə alınması artıq zərurətə çevrilib. Əks halda, sağlamlıq sahəsində yaranan bu boşluq gələcəkdə daha ciddi problemlərə yol aça bilər”, – deyə sosioloq yekunda qeyd edib.
Tunar
Günay Əli













