TƏBİB-in səriştəsizliyindən dövlətə və millətə dəyən ziyanın miqyası durmadan böyüyürbackend

TƏBİB-in səriştəsizliyindən dövlətə və millətə dəyən ziyanın miqyası durmadan böyüyür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOS! SOS! SOS!

Koronovirusa yoluxan xəstə: “Təcili Tibbi Yardımdakı vəziyyətdən Allahın da xəbəri yoxdur”. TƏBİB-in səriştəsizliyindən dövlətə və millətə dəyən ziyanın miqyası durmadan böyüyür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Jalə Mütəllimova özünün sosial hesabında yazıb.

“Səhər eşitdiyim bu xəbərdən şok yaşadım desəm bəlkə də az olar. İllərdir tanıdığım, ziyalı, çox gözəl ailə nümunəsi olan adının açıqlanmasını istəməyən ən yaxın rəfiqəmin özü, anası, atası və bacısı coronovirusa yoluxub. Artıq Təcili Tibbi Yardımda anasını itirib. Dəfndə iştiraka icazə verilməyib ki, bu təbiidir. Atası təqaüddə olan həkimdir. Özü xarici dillər üzrə mütəxəsissdir, bacısı müəllimədir.

Telefonla danışıram. Boğulması, öskürəyi o qədər ciddidir ki, səsini belə dəyişib. Deyir inanmazsan, xəstəxanada yer yoxdur. Adamlar bir birinin üstündə, durum bərbaddır. Xəstələrə qulluq eləyə bilmirlər. Artıq gücləri çatmır. “Qorxuram Jalə, çox qorxuram, ölümdən yox, eybəcər ölümdən qorxuram, sən bilirsən biz ailəcə çox faciə yaşamışıq, indi-indi nəfəs alırdıq, yenə başımıza gəlməyən qalmadı. Mən bilmirəm, sağalacağıq ya yox, amma durum çox dəhşətlidir, insanlar durmadan yoluxur, dayanmadan xəstələr gəlir. Mənim anam elə dəhşətli öldü ki, mənə onun son nəfəsini belə necə aldığını görməyə imkan vermədilər”. Tanıdığım xanımın sonra dediklərindən dəhşətə gəlirəm. İkimiz də ağlayırıq:

-Jalə, sən inana bilməzsən, bu adama necə oynaq ağrısı, nəfəs darlığı, əlacsızlıq, sızıltı verir (ara sıra xəttin o başında bərkdən öskürür-J.M). Dadbilmə orqanların sıradan çıxır. Qoxu ala bilmirsən. Necə hissiyyatsız, aciz duruma düşürsən. Sən inana bilmirsən adam ağrıdan necə bağırır Jalə, insanlara başa sal, de, yaz ki, bu mərəz var. Xəstəxananın biz yatan bölməsini görsən dəhşətə gələrsən. Dövlət hər cür iş görür vətəndaşları üçün. Amma xəstələrə o yardımları etmirlər, həkimlərə çatışmır. Bəzən xəstələrə diş həkimləri, anastezioloqlar baxır. Nə qədər tələbə, nə qədər qeyri-profilli adamlar xəstələrə baxmaq üçün gətirilir. TTY-dan Allahın da xəbəri yoxdur.

***

…Dünən bir yazı yazdım ölkədə pandemiyayla mübarizə işinə cavabdeh olan TƏBİB-in fəaliyyətindən. Indi suallarımı yazıram? Yazıram bəlli olsun ki, həm də cavablarımız hazırdır. Bəlkə insafa gəldilər.

  • TƏBİB rəhbərini indi də himayə edən kimin müavinidir?
  • Hansı oleqarx universitet rektorunun yaxınıdır TƏBİB rəhbəri?
  • Onu dövlət başçısına kim təqdim edib?
  • Həmin şəxs hakim YAP-da hansı postu tutur?
  • Başqa hansı partiya liderinin yaxın adamıdır həm də TƏBİB-in rəhbəri?
  • “İnci” adlı klinikanı iki daşın arasında necə qurub?
  • Bu günəcən bu klinikada nə qədər adam test edilib?
  • Mühim bir idarədən təhlükəsizlik laboratoriyasının avadanlıqlarını hansı məqsədlə bir gecədə söküb aparıb, sonra elə bir gecədə də geri qaytarıblar?
  • Laborantlıqdan ciddi bir posta, həm də siyasi məsuliyyəti olan bir posta, özü də fövqəladə halda necə otuzdurulub Ramin müəllim?
  • ÜST-ün yerli rəhbəri Hande Harmançının hansı maraqları var Azərbaycanda?
  • ÜST-ün bu xanım rəhbərinin TƏBİB rəhbərliyi ilə dostluğunun mahiyyətində nə durur?
  • Hər xəstəyə müalicə üçün gündəlik ayrılan 80-180 manat arası vəsait niyə xərclənmir? Ancaq gündəlik otuz manat ya xərclənir, ya yox. Bəs dövlətin vəsaiti hara xərclənir?
  • Təbii ölümü ilə dünyasını dəyişən adamların ölüm kağızına “COVİD-19-dan dünyasını dəyişib” yazmaqla dövləti necə aldadır, nə qədər vəsait mənimsəyirlər bu yolla?

***

…Bütün bunları yaza-yaza, bircə şey keçir düşüncəmdən. Tanrı bizə bəxtəvər millət və dövlət olmaq üçün hər şey verib. Bir də hər şeyi alt-üst edəcək bir şey verdi. NƏFS!

Kasıbına da, oleqarxına da dəhşətli bir nəfs verdi. Bu bizim lənətimizdir bəlkə də. Və bizi bir gün kimsə işğal edib nəfsimizdən asıb edam edəcəklər. Məmləkətin üzərinə Azərbaycan qurulan vətəndaşı olaraq, mən o günü yaşamaqdan qorxuram…”.

Jalə Mütəllimova

25.06.2020