TƏBİB niyə yaranıb, nəyə xidmət edir? Oyuncağa çeviriblər…backend

TƏBİB niyə yaranıb, nəyə xidmət edir? Oyuncağa çeviriblər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bildirək ki, qurum rəsmisi ərizəni iki gün əvvəl yazıb, hətta bununla bağlı tvitter hesabında da paylaşım edib. Əksəriyyət Bayramovun bu addımını TƏBİB-in yarıtmaz fəaliyyəti, onun cəmiyyətin əsas tənqid hədəflərindən birinə çevrilməsi ilə əlaqələndirir. Ümumiyyətlə, bir çox insan ölkədə tibbi xidmətin şaxələnməsinin doğru olmadığını və səhiyyənin vahid bir mərkəzdən idarə edilməsinin vacibliyini vurğulayır.

NOCOMMENT xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı yenisabah-a açıqlamasında qeyd edib ki, idarəetmədə ikibaşlılıq çox böyük bir qüsurdur, dünyanın heç bir ölkəsində səhiyyə sistemi kimi mühüm bir sistemin üzərində sosial eksperiment keçirilmir: “TƏBİB təşkilatını kimin hansı məqsədlə yaratdığı məlum deyil. Bunların hamısı gizli, cəmiyyətə aydın olmayan səbəblərlə bağlıdır və təcrübə də göstərir ki, bu, çox yanlış bir addımdır, qətiyyən səhiyyədə ikibaşlılıq yaratmaq olmaz.

Səhiyyə rəhbərliyini möhkəmləndirmək, daha ciddi adamları səhiyyə təşkilatının başına gətirmək əvəzinə, dublikatını yaradıblar. Bu da həm qarmaqarışıqlığa, həm yeyintilərə səbəb olur, həm də səhiyyə işinin təşkilində çox ciddi problem olur.

Koronavirus dönəmində bu cür ikili yanaşmanın ağır nəicələri oldu. Məsələn, xəstəxanaların bəzilərində yalnız TƏBİB-in icazəsiylə xəstələri yerləşdirmək mümkün olurdusa, bəzilərinə bu icazəni Səhiyyə Nazirliyi verməli idi. Belə işlərə yol vermək olmaz”.

Həmsöhbətimiz hesab edir ki, bircə Səhiyyə Nazirliyi fəaliyyət göstərməlidir və hər şeyə o, cavabdehlik daşımalıdır: “İşin yaxşı təşkili üçün çox ağıllı, ləyaqətli bir şəxs olmalıdır. Kimin dostu, qohumu varsa, xətri qalmasın deyə təşkilat yaratmaq olmaz. Bunlar dövləti oyuncağa çevirirlər, qüsurlu təcrübədir. Ümumiyyətlə, TƏBİB niyə yaranıb, nəyə xidmət edir? Bunu bir nəfər çıxıb izah etsin ki, Səhiyyə Nazirliyi ola-ola ona alternativ bir xidmət niyə yaradılır?

Dövlət bu iki müəssisə arasında sağlamlıq siyasətini necə həyata keçirir? Ölkədə baş verən səhiyyə pozuntularına qarşı kim cavabdehlik daşıyır? İndiyədək TƏBİB Səhiyyə Nazirliyindən fərqli hansı işləri görüb? Azərbaycan xalqının sağlamlıq probleminin aradan qaldırılması istiqamətində nə kimi dəyişiklik edib?

Bütün bu suallar cavabsız qalıb. Yaratdıq, dağıtdıq, qoyduq, çıxardıq, tutduq, asdıq, kəsdiklə iş olmur. Səhiyyə sistemində, dövlətin əsas təhlükəsizlik orqanlarından birində bu cür mühəndislik etmək millətə ən böyük zərbələrdən biridir”.