“TƏBİB və İTSDA yarıtmazdır, buna görə özəl klinikalara tələb artır” – Həkimdən SƏRT AÇIQLAMAbackend

“TƏBİB və İTSDA yarıtmazdır, buna görə özəl klinikalara tələb artır” – Həkimdən SƏRT AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcbari tibbi sığortanın əhatə dairəsi getdikcə genişləndirilir. Bu durum əslində əlçatanlığı artırmalıdır. Dövlət xəstəxanalarında bu qədər imkan yaradılmasına baxmayaraq, son zamanlar yeni özəl klinikaların açılıdığı da müşahidə olunur. Özəl xəstəxanalarda isə qiymətlər bahadır. Bu zaman belə bir sual meydana çıxır, dövlət xəstəxanalarında hər cür şərait yaradılırsa, əhali niyə baha xidmət göstərən özəl xəstəxanalara yönəlir?

 

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev bildirdi ki, sığorta sistemi bizdən qat-qat üstün olan dövlətlərdə də özəl sektor var:

 

“Hazırda bütün dünyada həm sığorta, həm də özəl tibbi xidmətlər fəaliyyət göstərir. Belə ki, siz icbari tibbi sığorta ilə Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçməyə getsəniz, 1-2 aylıq növbəyə dayanmalı olacaqsız, lakin maddi imkanı yaxşı olan insanlar gözləmək istəmir, ya da orada göstərilən xidmətin keyfiyyətinə şübhə ilə yanaşdıqları üçün özəl kliniklara üz tuturlar. Düzdür, artıq protez və ürək kimi ciddi əməliyyatları da icbari tibbi sığorta ilə etmək mümkündür, bu sahədə irəliləyiş var, lakin bir çox problem hələ də qalır. Bir çox TƏBİB tabeliyində olan xəstəxana və poliklinikalarda uzun növbələr var. Hələ indi yaydır, əksəriyyət tətildədir, ola bilər ki, bir az seyrəklik olsun, lakin payız və qış aylarında növbə daha çox olur”.

 

Həkimin sözlərinə görə, dövlət tibb müəssisələrinin göstərdiyi xidmətdə çox ciddi problemlər var:

 

“Bu, tibb işçilərindən yox, birbaşa rəhbərlikdən qaynaqlanır, yəni TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin yarıtmaz idarəsinin nəticəsidir. Beləliklə, tibb işçiləri də, pasiyentlər də incidilir. Elə dövlət tibb müəssisələri var ki, 5-6 aydır həkimlərə bonus əlavələri verilmir. Tibb işçilərində demotivasiya var. İstənilən işdə stimul olmayanda axsama olur. Rayonlarda nə qədər mütəxəssis çatışmazlığı var. Səhv etmirəmsə, Qazaxda 80 həkimə ehtiyac var. Saatlı, Sabirabad, İmişli və daha neçə belə rayonda tibb məntəqələri pis gündədir. Bu sahədə görüləcək işlər çoxdur. Yeni klinikalar azdır, əksəriyyəti sovet dövründən qalmadır, həm binalar, həm də avadanlıqlar köhnədir. Yaxşı ki, özəl sektor var, az da olsa, müəyyən yükü öz üzərinə götürür. Təbii ki, burada da çatışmazlıqlar var, amma hər halda dövlətdəkindən daha azdır”.