TƏCİLİ! Bakıda bu evlər SÖKÜLƏCƏK – Sakinlərə XƏBƏRDARLIQbackend

TƏCİLİ! Bakıda bu evlər SÖKÜLƏCƏK – Sakinlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində normadan artıq yağan yağışlar paytaxtın infrastrukturundakı ciddi boşluqları və illərdir yığılıb qalan qanunsuz tikili problemini yenidən gündəmə gətirib.

Nizami rayonu, Keşlə qəsəbəsində yaşayış evlərinin su altında qalması ilə nəticələnən son hadisə, problemin kökünün Xətai rayonunda, strateji kollektorun üzərində inşa edilmiş qanunsuz tikiliyə dayandığını üzə çıxardı. Həmin tikilinin sökülməsi bir tərəfdən fəsadların aradan qaldırılmasına xidmət etsə də, digər tərəfdən paytaxtda kollektorların üzərində yerləşən digər 1600-ə yaxın tikilinin aqibəti ilə bağlı suallar yaradıb.

Bakıda 3 min ev su kollektorunun üzərində tikilib

Məsələ ilə bağlı NOCOMMENT.aza danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov qeyd edib ki, kollektorların üzərində tikilən evlər həm sakinlər, həm də şəhər infrastrukturu üçün “saatlı bomba” rolunu oynayır: “Kollektor və kanalizasiya xətlərinin mühafizə zolağı qanunla toxunulmazdır. Bu ərazilərdə tikinti aparmaq nəinki texniki, həm də hüquqi baxımdan yolverilməzdir. Keşlədəki hadisə göstərdi ki, bir evin qanunsuz tikilməsi bütöv bir qəsəbənin su altında qalmasına səbəb ola bilər. Hazırda aşkar olunan 1600 tikili çox böyük rəqəmdir. Bu evlər kollektorun təmiri və profilaktikası üçün texnikanın əraziyə daxil olmasına mane olur, tıxanma yarandıqda isə fəsadların qarşısını almaq qeyri-mümkünləşir”.

Mütəxəssisin sözlərinə görə, bu tikililərin sökülməsi və kompensasiya məsələsi olduqca mürəkkəb hüquqi prosedurdur: “Sakinlərin ən çox maraqlandığı məqam kompensasiyadır. Burada əsas faktor evin sənədli olub-olmamasıdır. Əgər tikilinin çıxarışı (kupçası) varsa və dövlət ehtiyacları üçün sökülürsə, qanunla mütləq kompensasiya ödənilməlidir. Lakin kollektor üzərində tikilən evlərin əksəriyyəti qanunsuzdur və heç bir mülkiyyət sənədi yoxdur. Belə olan halda, qanunvericilik birbaşa kompensasiya ödənişini nəzərdə tutmur. Lakin sosial gərginliyi azaltmaq üçün dövlət tərəfindən müəyyən güzəştlər və ya alternativ yaşayış sahələri təklif oluna bilər. Amma hüquqi müstəvidə sənədsiz tikili üçün ödəniş tələb etmək çox çətindir”.

O, qeyd edib ki, problemin köklü həlli üçün kompleks dövlət proqramı həyata keçirilməlidir: “Bu məsələ təkcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin öhdəsinə buraxılmamalıdır. Çünki qurumun söküntü və ya kompensasiya səlahiyyəti yoxdur. Yerli icra hakimiyyətləri, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi birgə işləməlidir. Proses mərhələli şəkildə aparılmalıdır; ilk növbədə magistral xətlərin üzərində olan və şəhər üçün ən böyük təhlükə yaradan evlər köçürülməlidir. Sakinlərə gəldikdə isə, onlar dərk etməlidirlər ki, kollektor üzərində yaşamaq hər an evin uçması və ya kanalizasiya sularının evə dolması riskini daşımaq deməkdir. Təhlükəsizlik hər bir kompensasiyadan daha vacibdir”.

Tunar,
NOCOMMENT.az