Azərbaycanda mədəni irsin qorunması sahəsində hüquqi mexanizmlərin əhəmiyyətli dərəcədə sərtləşdirilməsini nəzərdə tutan yeni qaydalar fevralın 1-dən qüvvəyə minib və bu dəyişikliklər mədəni sərvətlərin toxunulmazlığını daha aydın və qəti şəkildə təmin etməyə yönəlib.
Yeni normalar mədəni irsin xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu sahədə məsuliyyətin təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin və hər bir vətəndaşın üzərinə düşdüyünü ön plana çıxarır. Qanunvericilikdə aparılan dəyişikliklərlə anlayışlarda dəqiqləşdirmə aparılıb, “tarix və mədəniyyət abidələri” anlayışı daha geniş məna kəsb edən “mədəni sərvətlər” termini ilə əvəz olunub, daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən əməllər, eləcə də “korlama” və “məhv etmə” halları hüquqi baxımdan fərqləndirilib.
Bununla yanaşı, mədəni sərvətlərə qarşı cinayətlərə görə hüquqi və vəzifəli şəxslərin də məsuliyyəti müəyyən edilib, ehtiyatsızlıqdan məhv etmə ayrıca cinayət tərkibi kimi Cinayət Məcəlləsinə daxil edilib və bu sahədəki əməllər inzibati məsuliyyət müstəvisindən çıxarılaraq birbaşa cinayət məsuliyyəti səviyyəsinə qaldırılıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, bu dəyişikliklər mədəni irsin qorunması sahəsində uzun müddətdir mövcud olan hüquqi boşluqları aradan qaldırır və cəzaların daha aydın, mütənasib və effektiv tətbiqinə imkan yaradır.
Onun sözlərinə görə, əvvəlki dövrdə mədəni sərvətlərin zədələnməsi bəzi hallarda inzibati xətalar çərçivəsində qiymətləndirilirdi və bu da real çəkindirici təsir yaratmırdı:
“Yeni yanaşma mədəni sərvətlərə qarşı hər hansı laqeyd və ya məsuliyyətsiz davranışın artıq ciddi cinayət kimi qiymətləndiriləcəyini açıq şəkildə ortaya qoyur. Xüsusilə ehtiyatsızlıqdan məhv etmənin Cinayət Məcəlləsində ayrıca maddə ilə təsbit olunması hüquq tətbiqetmə baxımından mühüm yenilikdir. İnşaat və təsərrüfat işləri zamanı aşkar edilən abidələr barədə məlumat verilməməsinə görə məsuliyyətin gücləndirilməsi isə bu sahədə sui-istifadələrin qarşısını almağa xidmət edəcək”.
Hüquqşünas hesab edir ki, bu dəyişikliklər gələcəkdə mədəni irsə vurulan zərərin hüquqi qiymətləndirilməsində daha prinsipial və sərt mövqe formalaşdıracaq.

NOCOMMENT.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu isə dəyişiklikləri sosial şüurun formalaşdırılması baxımından mühüm addım kimi dəyərləndirir.
Onun fikrincə, mədəni sərvətlərin qorunması yalnız hüquqi məsələ deyil, eyni zamanda cəmiyyətin öz tarixinə və kimliyinə münasibətinin göstəricisidir:
“Qanunvericiliyin sərtləşdirilməsi cəmiyyətə açıq mesaj verir ki, mədəni irs ümumi sərvətdir və ona zərər vurmaq bütövlükdə cəmiyyətə qarşı yönəlmiş addımdır. Hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti daşıması sosial ədalət baxımından vacibdir, çünki bu, mədəni irsin qorunmasında hamının qanun qarşısında bərabər olduğunu nümayiş etdirir.”
Sosioloqun sözlərinə görə, bu dəyişikliklər uzunmüddətli perspektivdə mədəni irsə qarşı daha həssas və məsuliyyətli ictimai münasibətin formalaşmasına, tarixi və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə ciddi töhfə verə bilər.
Qeyd edək ki, bu hüquqi yeniliklər Azərbaycanda mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir və Prezident İlham Əliyevin 2025-ci il 30 dekabr tarixli qanunu ilə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, eləcə də müvafiq sahə qanunlarında edilən dəyişikliklər bu istiqamətdə hüquqi çərçivəni daha da gücləndirib.








