İranda maliyyə böhranı və sosial problemlər fonunda başlayan etiraz aksiyaları getdikcə genişlənməkdədir. Son məlumatlara görə, aksiyalar zamanı Tehran Universitetinin dörd tələbəsi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə İranın “Shargh” qəzeti məlumat yayıb.
Bildirilir ki, saxlanılan tələbələr etirazlarda fəal iştirak ediblər. Xatırladaq ki, bundan əvvəl də yerli media dekabrın 29-da keçirilən aksiyalar zamanı ümumilikdə 11 nəfərin saxlanıldığı barədə xəbər vermişdi.
Son günlər ölkənin müxtəlif şəhərlərində müşahidə olunan etirazlar ilkin mərhələdə iqtisadi çətinliklər, yüksək inflyasiya, işsizlik və sosial ədalətsizlik kimi məsələlərlə bağlı başlayıb. Lakin aksiyaların gedişində səsləndirilən şüarların və tələblərin xarakteri dəyişərək tədricən hakimiyyətə qarşı daha açıq siyasi məzmun almağa başlayıb. Xüsusilə tələbələrin və gənclərin fəallığı diqqət çəkir ki, bu da etirazların potensial olaraq daha geniş miqyas alması ehtimalını artırır.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, İranda baş verən etirazlar təsadüfi deyil və uzun müddətdir yığılan sosial-iqtisadi narazılığın nəticəsidir: “Ölkədə iqtisadi vəziyyətin ağırlaşması, milli valyutanın dəyərdən düşməsi, sanksiyaların təsiri və əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması cəmiyyətdə ciddi gərginlik yaradıb. Bu gərginlik xüsusilə ali məktəblərdə və şəhər gəncliyi arasında daha açıq şəkildə özünü göstərir”.

Siyasi şərhçinin sözlərinə görə, etirazların inqilaba çevrilməsi məsələsinə ehtiyatla yanaşmaq lazımdır: “İran cəmiyyətində narazılıq geniş olsa da, hələlik bu narazılığı vahid siyasi proqram və ya alternativ hakimiyyət modeli ətrafında birləşdirən güclü təşkilatlanma mövcud deyil. İnqilab üçün təkcə küçə etirazları kifayət etmir. Bunun üçün siyasi liderlik, ideoloji çərçivə və müxtəlif sosial təbəqələri bir araya gətirən ümumi məqsəd lazımdır. Hazırkı mərhələdə etirazlar daha çox spontan və lokal xarakter daşıyır”.
Bununla yanaşı, ekspert hesab edir ki, aksiyaların davamlılığı və sərt müdaxilələr etirazların miqyasını böyüdə bilər: “Universitet tələbələrinin saxlanılması cəmiyyətdə narazılığı daha da artıra, xüsusilə gənclər arasında radikallaşmanı gücləndirə bilər. Tarixi təcrübə göstərir ki, İranda tələbə hərəkatları bir çox hallarda daha geniş ictimai proseslərin katalizatoruna çevrilib”.
Siyasi şərhçinin qənaətinə görə, yaxın perspektivdə etirazların tammiqyaslı inqilaba çevrilməsi ehtimalı yüksək olmasa da, bu proseslər hakimiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır: “Əgər sosial-iqtisadi problemlərin həlli istiqamətində real addımlar atılmasa və yalnız güc yolu seçilərsə, etiraz dalğalarının daha geniş və nəzarətdən çıxan mərhələyə keçməsi mümkündür. İran hakimiyyəti üçün əsas çağırış cəmiyyətin sosial tələblərinə siyasi repressiya ilə deyil, dialoq və islahatlarla cavab verməkdir, əks halda etirazların sönməsi deyil, dərinləşməsi riski qalır”.













