TƏCİLİ! Yas mərasimləri ilə bağlı VACİB QƏRAR – Bu halda qarşısı alınacaqbackend

TƏCİLİ! Yas mərasimləri ilə bağlı VACİB QƏRAR – Bu halda qarşısı alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclasının keçirilməsi və iclasda yas mərasimlərindəki israfçılıq məsələsinin gündəmə gətirilməsi cəmiyyətin diqqətini bu mövzuya bir daha yönəldib.

İclasda bildirilib ki, dəbdəbəli və israfçılıqla müşayiət olunan yas mərasimlərinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüslər müsbət qiymətləndirilir və Dövlət Komitəsi bu cür təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcək.

Son illər Azərbaycanda yas mərasimlərinin getdikcə daha çox maddi yükə çevrilməsi, ailələrin borca düşməsi və sosial təzyiq altında qalması geniş müzakirələrə səbəb olub. Bir çox hallarda mərhumun yaxınları cəmiyyətin gözləntilərinə uyğun davranmaq üçün imkanlarından artıq xərc çəkməyə məcbur olur, bahalı süfrələr açır, uzunmüddətli ehsanlar verir. Bu isə həm ailə büdcəsinə zərər vurur, həm də yasın əsas mahiyyəti olan mənəvi dəstək və təskinlik məqsədindən uzaqlaşmasına gətirib çıxarır.

Məsələ ilə bağlı dini ekspert Kənan Rövşənoğlu NOCOMMENT.az-a bildirib ki, İslam dinində yas mərasimlərinin əsas məqsədi mərhumun xatirəsini yad etmək, ailəsinə mənəvi dəstək göstərmək və insanlar arasında həmrəyliyi gücləndirməkdir.

Kənan Rövşənoğlu

Onun sözlərinə görə, dəbdəbə, israf və nümayişkarlıq dini baxımdan da qəbulolunan hesab edilmir və bu cür davranışlar İslamın əsas prinsiplərinə ziddir:

“Qurani-Kərimdə və hədislərdə israfçılıq qınanır və insanlara orta yolu tutmaq tövsiyə olunur. Yas mərasimlərinin bahalı restoranlarda keçirilməsi, onlarla çeşiddən ibarət süfrələrin açılması və günlərlə davam edən ehsanların təşkili nə dini baxımdan vacibdir, nə də mənəvi baxımdan faydalıdır. Əksinə, bu hallar cəmiyyətdə süni rəqabət və sosial təzyiq yaradır, imkanları məhdud olan ailələri çətin vəziyyətə salır”.

Ekspertin fikrincə, Dövlət Komitəsinin bu məsələyə diqqət ayırması və ictimai təşəbbüsləri dəstəkləməsi olduqca müsbət addımdır:

Çünki problemin həlli yalnız fərdi səylərlə deyil, eyni zamanda dövlət qurumları, dini icmalar və ictimaiyyətin birgə fəaliyyəti ilə mümkündür. İnsanlara izah edilməlidir ki, sadə və təvazökar yas mərasimi mərhuma hörmətsizlik deyil, əksinə, onun xatirəsinə və ailəsinə göstərilən səmimi ehtiramın ifadəsidir.

Bir çox müsəlman ölkələrində yas mərasimləri daha sadə formada keçirilir və əsas diqqət dua oxunmasına, mərhumun bağışlanması üçün Allaha yalvarılmasına yönəlir. Azərbaycanda da bu ənənənin gücləndirilməsi, dini maarifləndirmənin artırılması və ictimai rəyin formalaşdırılması vacibdir. İnsanlar başa düşməlidirlər ki, borc hesabına təşkil olunan dəbdəbəli mərasim nə mərhuma fayda verir, nə də ailənin gələcək rifahına töhfə verir. İsrafçılığın qarşısının alınması təkcə dini məsələ deyil, həm də sosial və iqtisadi əhəmiyyət daşıyır. Daha sadə yas mərasimləri ailələrə maddi yükün azalmasına, cəmiyyətdə bərabərlik və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan həm dövlət qurumlarının təşəbbüsləri, həm də din xadimlərinin maarifləndirici fəaliyyəti mühüm rol oynayır”.

Tunar
NOCOMMENT.az