TƏFƏRRÜAT: Azərbaycanın Araiklə bağlı planı nədir?backend

TƏFƏRRÜAT: Azərbaycanın Araiklə bağlı planı nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ Respublikası”nın prezidenti Araik Arutyunyanın son sərsəm açıqlamaları onun tam neytrallaşdırılması, cəzaya cəlb olunması məsələsini aktuallaşdırıb. Artıq bu səfehin yerində otuzdurulması üçün Qarabağda hərbi əməliyyaların keçirilməsinin vacibliyi yönündə tez-tez fikirlərə, tələblərə rast gəlməkdəyik.

Azərbaycan Qarabağda separatçılara qarşı antiterror əməliyyatına hazırlaşırmı? Bu olsa, dünya necə qarşılayar? Rusiyanın mövqeyi necə olar? Paşinyan əgər “Qarabağ Azərbaycandır” deyirsə və Xankəndi ilə İrəvan arasında ixtilaf başlayıbsa, demək olarmı, Paşinyan separatçı rejimi qurban verir? Bununla da özünü, ölkəsini qurtarmağa çalışır?

YAP-çı deputat Ceyhun Məmmədov məsələyə bu cür şərh verdi: “Hesab edirəm ki, əslində Paşinyanın yanaşması daha praqmatikdir. Erməni baş nazir də anlayır ki, proseslərin uzanmasının xalqı üçün heç bir faydası olmayacaq. Ermənistan tərəfi anlamalıdır ki, nə qədər tez sülh müqaviləsi imzalansa, bu bir o qədər erməni xalqı üçün xeyirli olacaq. Araikə gəldikdə isə düşünürəm ki, o, daha çox Qarabağda yaşayan erməniləri, eləcə də Ermənistan cəmiyyətindəki revanşistləri sakitləşdirmək üçün onlara hesablanmış fikirlər irəli sürür.

Azərbaycan tərəfi öz mövqeyini dəfələrlə bildirib. Ərazilərimizdə ikinci ”erməni dövləti”nin yaradılmasına heç zaman izn verilməyəcək. Araikin hansı bəyanatı verməsindən asılı olmayaraq Azərbaycan öz hədəf və məqsədlərinə doğru addımlayır.

Tezliklə bu hədəflərin hər birinə çatılacaq. Əgər Ermənistan tərəfi sülh müqaviləsini imzalamağa hazırdırsa, Qarabağdakılar da buna hazır olmalıdır. Ya hazır olub birgəyaşayışın bir hissəsinə çevrilməlidirlər, ya da təxribatlara davam etsələr, yekun sülh müqaviləsinin bir parçası olmaq istəməsələr, əməkdaşlığı yox, müharibəni seçsələr, bunun axırı separatçı rejim üçün daha ağır olacaq. Ola bilər ki, Araik Azərbaycan Ordusunun, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində ölkəmizə gətirilsin.

Azərbaycanın uzun müddət bu qondarma rejimin qalıqlarının nazı ilə oynamaq fikirləri yoxdur. Azərbaycanın fikri qətidir ki, bu torpaqlar silahlı qüvvələrdən tez bir zamanda təmizlənməli, sülh müqaviləsi əldə edilməlidir. Ərazilərimiz işğalçılardan tamamilə təmizlənəcək. Araik düşünməsin ki, bu bəyanatları verəcək, ona qarşı heç bir reaksiya olmayacaq. Şuşa ilə Xankəndi arasında məsafə o qədər də böyük deyil. Bir neçə saat içərisində Azərbaycan bu məsələ ilə bağlı çox sərt tədbirlər görə bilər. Onlar bunu anlamalıdırlar. Səbrimizi bu cür səfeh bəyanatlarla tükəndirməsinlər.

Rəsmi Bakını hansısa fakt qarşısında qoymağa çalışmasınlar. Biz çalışırıq ki, nə Azərbaycan, nə də Ermənistan tərəfindən əlavə itkilər olmadan yekun hədəf vəı məqsədlərə nail olaq. Məqsədimizdə kimsə qarşımızı kəsməyə cəhd edərsə, atacağımız addımlar çox sərt olacaq. Biz müharibəni dayandırdıq ki, növbəti mərhələdə tərəflər arasında digər məsələlər də müzakirə olunacaq, yekunda birgəyaşayışa gəlinəcək. Amma indi bu qondarma rejimin ünsürlərinin hələ də o xəyallarla yaşadıqlarını görürük. Azərbaycan ərazilərində kimlərinsə ultimatumla danışmasına heç bir halda izn verilməyəcək. Araik ağlını başına yığmalı, belə bəyanatlardan geri çəkilməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın ümid yerinin Bakı və Ankara olduğunu düşünür: “Nikol Paşinyan Ermənistanı Qarabağ yükündən qurtarmaq istəyir. Çünki onu yenidən baş nazir seçən ermənilər müharibə istəmir, həyatlarının normala qayıtmasını istəyirlər. Onlar övladlarını bir daha Azərbaycana ölümə göndərmək istəmirlər. Bu, Ermənistanda susqun çoxluqdur. Paşinyan onların sifarişini yerinə yetirir. Digər tərəfdən, Paşinyan Qarabağdan imtina etməklə bu yükü Rusiyaya ötürməyə çalışır. Yəni bu məsələni artıq Rusiya ilə Azərbaycan öz aralarında həll etməlidirlər.

Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək. Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən ”Qarabağ klanı”nı, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar.

Bu güclər Paşinyana qarşı birləşəcək. Belə olanda Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər? Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Başqa sözlə, Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq. ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib: “Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”.

İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq. Ankara Bakı ilə birgə səylərlə Ermənistanın təxribatçı siyasətinə son qoymasına çalışır. Ermənistanın hazırkı hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu, reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq”.

Yeni Müsavat