Tehranda baş verən etiraz aksiyalarını işıqlandırmaq üçün hadisə yerinə gedən tanınmış jurnalistdən artıq bir sutkadır xəbər yoxdur.
NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, İranın “Etemad” qəzetinin siyasi redaksiyasının rəhbəri Mehdi Beyk dünən paytaxtın Xordad 15 küçəsində sahibkarların və bazar təmsilçilərinin keçirdiyi etiraz aksiyaları ilə bağlı müsahibələr almaq məqsədilə həmin əraziyə yollanıb.
Məlumata görə, Mehdi Beyk aksiyalardan sonra evə qayıtmayıb və onunla əlaqə yaratmaq mümkün olmayıb. Jurnalistin xanımı sosial şəbəkələrdə paylaşdığı məlumatda bildirib ki, dünən saat 17:30-dan etibarən Mehdi Beykin mobil telefonuna zəng çatmır, mesajlar cavabsız qalır. Ailə üzvləri və yaxınları onun taleyindən ciddi narahatlıq keçirir.
Qeyd edək ki, son günlər Tehranda iqtisadi vəziyyət, yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi və sahibkarlara tətbiq edilən məhdudiyyətlərlə bağlı etirazlar yenidən intensivləşib. Bu aksiyaların mediada işıqlandırılması isə İran hakimiyyətinin xüsusi diqqətindədir.
Xatırladaq ki, İran hakimiyyəti daha əvvəl də etirazları və ictimai narazılıqları işıqlandıran jurnalistlərə qarşı sərt tədbirlərlə gündəmə gəlib. Beynəlxalq insan haqları təşkilatları ölkədə söz və mətbuat azadlığının ciddi şəkildə məhdudlaşdırıldığını dəfələrlə bəyan ediblər.
Hazırda Mehdi Beykin harada olduğu və saxlanılıb-saxlanılmadığı barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib. Jurnalist təşkilatları və media nümayəndələri İran hakimiyyətini məsələyə aydınlıq gətirməyə və jurnalistin təhlükəsizliyini təmin etməyə çağırırlar.













