Tehranın “total müharibə” oyunu: ABŞ-nin hesablamadığı ssenari işə düşdübackend

Tehranın “total müharibə” oyunu: ABŞ-nin hesablamadığı ssenari işə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda geosiyasi gərginliyin pik həddə çatdığı bir vaxtda İranla ABŞ arasında müharibənin ilk mərhələsi gözlənildiyindən fərqli istiqamətdə inkişaf edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı açıqlama yayıb.

Asif Nərimanlı

Asif Nərimanlı bildirib ki, İran müharibəsində ABŞ-nun ilk mümkün ssenari kimi hesabladığı iki əsas məsələdə gözlənilməz nəticə ortaya çıxıb:

“Birincisi, Əli Xameneinin ölümü Vaşinqtonun düşündüyü kimi rejim daxilində parçalanma yaratmadı. İranın bu ssenariyə əvvəlcədən hazırlıq apardığı görünür və prosesi koordinasiya edən Əli Laricaninin rolu da bunu təsdiqləyir”.

Onun sözlərinə görə, parçalanma ehtimalı aradan qalxmasa da, bu yalnız müharibənin gedişində, rejimin çıxış yolunun qalmadığı mərhələdə üzə çıxa bilər:

“İkincisi, İran hücumlara “total müharibə” məntiqi ilə cavab verir. Asif Nərimanlı bildirir ki, Körfəz ölkələrindən Kiprə qədər geniş ərazidə təkcə hərbi hədəflər deyil, hava limanları və otellər də vurulub. Bu isə müharibənin daha uzunmüddətli və regional müstəviyə keçəcəyi risklərini artırır”.

O, qeyd edib ki, Tehran bu vəziyyətdə öz hesablamaları ilə hərəkət edir:

1. İlk 10 gün ərzində hücumlara dözməklə ABŞ–İsrail cəbhəsində daxili problemlərin yaranacağına ümid edir; bahalı əməliyyatın nəticəsinin uzanması Vaşinqtonda narazılıq yarada, itkilərin artması isə Donald Trumpa siyasi təzyiqi gücləndirə bilər.

2. Körfəz ölkələrini hədəfə almaq və Hörmüz boğazında daşımalara maneələr yaratmaqla qlobal enerji bazarını böhran həddinə çatdırmaq istəyirlər. Bu, beynəlxalq aləmdə əməliyyatların dayandırılması və danışıqlara başlanması üçün təzyiq formalaşdırmaq məqsədi daşıyır.

3. Proksi qüvvələrin – ilk addımları artıq atan Hizbullahın – hərəkətə keçməsi ilə müharibənin genişləndirilməsi planlaşdırılır.

4. Uzanan müharibə və qlobal iqtisadi zərbə Körfəz ölkələrinin və Çinin mövqeyini sərtləşdirə, ABŞ və İsrailin işini çətinləşdirə bilər.

Asif Nərimanlı vurğulayır ki, İranın “total müharibə” taktikasının hədəfi danışıqları kapitulyasiya şərtlərindən çıxarmaqdır, lakin bunun nə dərəcədə mümkün olacağı böyük sual doğurur. Çünki:

– İranın raket ehtiyatları uzunmüddətli hücumlara kifayət etməyə bilər;
– Hərbi bazaların, raket və silah anbarlarının, aerodromların vurulması arsenalı ciddi zəiflədir;
– ABŞ və İsrailin İran hava məkanını nəzarətə götürməsi rejimin müqavimət imkanlarını minimuma endirə bilər.

Nərimanlı əlavə edir ki, Trampın “böyük hücum dalğası başlamayıb” açıqlaması ABŞ-nin daha ağır zərbələrə hazırlaşdığını göstərir. İran hava məkanı tam nəzarətə götürüldükdən sonra hava hücumlarının intensivləşməsi, hətta Trampın istisna etmədiyi “quru əməliyyatı”nın yerli və regional qüvvələrin iştirakı ilə həyata keçirilməsi real ssenarilər sırasındadır.”

Tunar
NOCOMMENT.az