Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “ProctorDİM” adlı xüsusi proqram təminatı vasitəsilə iyunun 30-da növbəti onlayn sınaq imtahanı keçiriləcək.
NOCOMMENT xəbər verir ki, yeni sınaq imtahanında 5 və 8 iyunda təqdim olunan test tapşırıqlarından istifadə olunacaq. Daha əvvəlki imtahanlarda iştirak edənlərin yeni imtahana yazılmasına icazə verilmir.
İmtahana aşağıda qeyd olunan vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslərin yazılması tövsiyə olunur.
İmtahana yalnız hazırda 11-ci sinifdə oxuyan şagirdlər (abituriyentlər) yazıla bilərlər.
İmtahandan öncə kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə verilən linkdə diqqətlə tanış olun. Əks halda imtahanı vermək mümkün olmayacaq.
İmtahanda iştirak ödənişsizdir.
İmtahana qeydiyyat 29 iyun saat 12:00-dək aparılır. İmtahanın iyunun 30-da saat 12:00‑da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 1000 istifadəçinin iştirakı planlaşdırılır.
Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.
İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).












