2025-ci ildə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat ayrılmışdı.
NOCOMMET.az xəbər verir ki, 2026-cı il üçün təhsil və elm xərcləri artırılıb. Məlumatı Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov açıqlayıb:
”2026-cı il üçün təhsil və elm xərcləri 5.2 milyard manat vəsait nəzərdə tutulur. Bu cari illə müqayisədə 68.4 milyon manat və ya 1.3 faiz, ötən illə müqayisədə 658 milyon manat və ya 14.3 faiz çoxdur. Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1.4 milyard manat və ya 35.2 faiz artıb”.
Gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2.9 milyard manat nəzərdə tutulduğunu deyən H.Məmişov, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin maliyyələşdirilməsinə 828.5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199.7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1.1 milyard manat vəsait xərclənəcəyini vurğulayıb.
Xatırladaq ki, 2023-cü il üçün Azərbaycanda təhsil xərcləri ümumilikdə təxminən 4 milyard 407 milyon manat təşkil edib. Bu o deməkdir ki, təhsildə keyfiyyətin yaxşılaşdırılması üçün hər il təhsilə ayrılan vəsaitlər də artırılır.
Əntiqə Rəşid













