“FlightRadar24” Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin hərəkət trayektoriyasının 3D versiyasını paylaşıb.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin görüntülərdə hava gəmisinin Rusiya ərazisində vurulduqdan sonra Aktauya qədər Xəzər dənizi üzərindən necə çətinliklə keçdiyi yer alıb.
Belə ki, Qroznı şəhərindəki hava limanına enə bilməyən, ya da böyük ehtimalla enməsinə icarə verilməyən “Embraer 190” tipli təyyarə yenidən havaya qalxıb və Xəzər dənizi istiqamətinə yönəlib.
Lakin radio-elektron mübarizə vasitələrinin aktiv təsirinə məruz qalan gəmi GPS sistemindən də istifadə edə bilməyib. Radar sistemi ilə bağlı çətinlikdən dolayı qüllə ilə əlaqə saxlaya bilməyən pilotlar şəxsi bacarıqları hesabına Qazaxıstan sahillərinə çatmağa cəhd ediblər.
Gövdəsində və quyruğunda yaranan problemlərdən sonra isə təyyarə stabil hündürlükdə uça bilməyib. Bir hava gəmisi 10-13 km arası hündürlüklərdə hərəkət edir. Bu isə beynəlxalq uçuş qaydalarına əsasən müəyyən edilib.
AZAL-ın Aktau istiqamətində hərəkət edən təyyarəsi isə 300 km məsafədə heç zaman bu hündürlüyə çıxa bilməyib. Hətta Aktau hava limanına dəqiqələr qala, təyyarə 1 km hündürlüyə qədər enib.
Bu zaman hava gəmisinin tək problemi hündürlüklə bağlı olmayıb. Pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov sürətlə bağlı da çətinliklər yaşayıblar. 300 km məsafədə də onların sürəti dəfələrlə aşağı düşüb. Lakin pilotlar peşəkarlıq sayəsində yenidən onu havaya qaldıra biliblər.
Məhz AZAL pilotlarının peşəkarlığı sayəsində hava gəmisi təyin olunan məsafəyə qədər havada qala bilib.
Bu məqamda dünya tarixində baş vermiş qəzalara nəzər salsaq, quyruğunda problem yaranan təyyarələrin əksəriyyəti çox uzun məsafələr qət edə bilmədən ya dənizə düşüb, ya yerə çırpılıb.
Lakin Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin pilotları İqor Kşnyakin və Aleksandr Kalyaninov möcüzəvi şəkildə turbulentli (hava burulğanı) Xəzər dənizinin üzərindən keçə biliblər.
Hətta havada qalmaqda çətinlik çəkən təyyarənin yerlə təmas zamanı partlamaması üçün dövrə vuraraq yanacaq da boşaldıblar. Əslində, bu cür qəzalarda hava gəmisindən sağ çıxanların olması qeyri-adi qarşılanmalıdır.
Dünya mətbuatı da qəzada 29 nəfərin həyatda qalmasını möcüzə adlandırıb. Tez-tez təyyarə qəzaları ilə bağlı araşdırmalar aparan internet kanalları AZAL-a məxsus “Embraer 190” təyyarəsinin pilotlarının qeyri-adi bacarıqlarını xüsusi qabardıb.
Onu da qeyd edək ki, məşhur “National Geographic” kanalı “Air Crash Investigation” adlı rubrikasında dünyada baş vermiş təyyarə qəzalarını araşdırır. Onlar Beynəlxalq Hava Qəzaları Araşdırma Mərkəzinin rəsmi sənədlərini və pilot danışmalarını əldə edərək hadisələrin gedişatını nümayiş etdirirlər.
Böyük ehtimalla ən geci 18 ay ərzində AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsi haqqında sənədli film də bu rubrikada yer alacaq. O zaman pilotların yüksək peşəkarlığı tam olaraq izləyicilərə göstəriləcək.