“TEKNOFEST” festivalı başladıbackend

“TEKNOFEST” festivalı başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki,festivalın açılışı musiqi proqramları ilə başlayıb.

Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varank iştirak edirlər.

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.

Birinci günün sonunda təşkil ediləcək konsert proqramında Xalq artisti Aygün Kazımova, müğənnilər Nigar Camal, Azad Şabanov və digərləri çıxış edəcək.

Günün sonunda isə lazer şou olacaq. Şounu Dənizkənarı Bulvarın bütün nöqtələrindən izləmək mümkün olacaq.

Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xarici ölkədə – Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

***

Selçuk Bayraktar: “Bakıda, qardaşlarımızla birlikdə olmağa məmnunam. Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun, hər dəfə bu bağlarımız daha da qüvvətləndi. 1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən milli PUA-ları yaradan türk mühəndislər də eyni ruhu rəhbər tutdu. Bizim də ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda qardaşlığımızın zirvəsidir. Ruhlarınız şad olsun. Bu vəsilə ilə Qarabağı təkrar vətən torpağı halına gətirən, zəfərin əsl memarı olan şəhidlərimizi anmaq istəyirəm. Azərbaycanda bizə yaxın olan bir atalar sözü var: Dost yaman gündə tanınar. Bax bunun sayəsində ən yaman gündə belə bir yerdə idik. İnşallah dünya üzərində son günümüzə qədər bir yerdə olmağa davam edəcəyik”.

***

Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqliyin bariz nümunəsidir. Gələcəkdə də biz bir yerdə addımlayacağıq. Bu, gənclərin festivalıdır və Azərbaycan xalqı haqlı olaraq gəncləri ilə qürur duyur. 44 günlük Vətən müharibəsində bu gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi.

“TEKNOFEST” gənclərə 6 ay ərzində bir-birindən öyrənmək bacarığını mənimsətdi. Burada müxtəlif yarışmalar, festivallar keçirilib. Düşünürəm ki, festivalda hər bir şəxs qalibdir. Buradakı ən önəmli tədbirlərdən biri “Smart Qarabağ” Hakatonudur. “TEKNOFEST” “Startup” festivalıdır.

Festival çərçivəsində qaliblər 28 mayda elan olunacaq, ancaq burada iştirak edən hər kəs qalibdir. “Startup” festivalında bizim gənclərimiz xaricdən dəvət olunan investorlarla birlikdə işləyəcəklər. Burada Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin əzəmətinin şahidi olacağıq. “TEKNOFEST” elmin, qardaşlığın qələbəsidir”.

***

Mustafa Varank: “Bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik. Biz Azərbaycan və Türkiyə üçün hədəf seçdik. Bizim müstəqilliyimizin sirri texnologiya həmləsidir. Biz milli texnologiya həmləsi ilə bizə qarşı olan ölkələrə meydan oxuduq. Bu gün bizə PUA satmayan ölkələr bizim texnologiyamızı almaq üçün sırada gözləyirlər. Bunun əsas sirri əzmimiz, idarəmizdir.

Gənclərə yol göstərsəniz, bacarmayacağınız heç nə yoxdur. Bu festivalda hər il yüz minlərlə övladımız iştirak edir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mükafatları birbaşa olaraq qardaş ölkələrin Prezidentləri təqdim edəcək. Şübhəsiz ki, “TEKNOFEST Türkiyə”dən sonra Azərbaycanda da tarixə keçəcək. Biz texnologiya baxımından müstəqil ola bilməməyin mənfi tərəflərini yaşamışıq. Bu gün Bakıda sadəcə festival təşkil etmirik. Dünyaya tək millət, iki millət şüarımızı bir daha çatdırırıq. Eşq olsun, Azərbaycan, eşq olsun, Türkiyə!”