Tələbələr vaksinasiyadan keçir, universitetlər açılışa hazırdırmı?backend

Tələbələr vaksinasiyadan keçir, universitetlər açılışa hazırdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ildir ki, tələbələr universitet, şagirdlər isə məktəb üzünə həsrətdir. Müəyyən bir müddət yoluxmanın azalması, tələbələrin vaksinasiyadan keçməsi haqqında verilən qərar hər kəsdə müəyyən bir fikir yaratdı ki, universitetlər ənənəvi tədrisə geri dönəcək.

Maraqlıdır universitetlər ənənəvi təhsilə geri dönməyə hazırdırmı?

NOCOMMENT yenisabah-ın universitetlərlə sorğusunu təqdim edir:

Azərbaycan Texniki Universitetinin (AzTu) mətbuat katibi Sevinc İsgəndərova:

“Mövcud pandemiya şəraitində bütün təhsil müəssisələri kimi, Azərbaycan Texniki Universiteti də Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını icra edir. Nazirlər Kabinetinin iyulun 26-da qəbul etdiyi qərar da universitet tərəfindən icra olunub. Sentyabrın 1-dən universitetdə təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportunun tələb olunacağı ilə bağlı qərar AzTU-nun bütün tələbələrinin diqqətinə çatdırılıb. Sonrakı qərarlar necə olacaqsa, həmin qərarları da icra edəcəyik. Universitet olaraq istər distant, istərsə də ənənəvi tədrisi davam etdirməyə hazırıq.

Qeyd edim ki, universitet əməkdaşlarının artıq 80%-dən çox vaksinasiya prosesində iştirak edib. Ali təhsil müəssisəsinin daxili və həyətyanı ərazisi mütəmadi olaraq dezinfeksiya olunur. Pandemiya başlayandan etibarən universitetə daxil olan hər kəsin hərarəti ölçülür.

Bir sözlə, pandemiya əlehinə bütün qaydalar universitetdə tətbiq edilir.

Ənənəvi təhsilin bərpası ilə bağlı son qərar isə, bir daha təkrar edirəm, Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlərinə aiddir. Yeni tədris ilindən hansı qərar veriləcəksə universitet də o qərarın icrasını həyata keçirəcək”.

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova:

“Bütün tələbələrə universitet adından vaksinasiya prosesi ilə bağlı xəbərdarlıq edilib. Tələbələrimizə məlumat vermişik ki, 80% vaksinasiyadan keçsə, artıq universitetin açılma ehtimalı yüksəkdir.

ADA universiteti vaksinasiya prosesində tələbələri dəstəkləmək üçün avqust ayının 16-dan 19-a qədər tələbələr üçün kampusda vaksinasiya keçirəcək. Bununla bağlı müvafiq registrasiya sistemi qurulub və tələbələr registirasiyadan sonra vaxtalarını təyin edib, vaksinasiyadan keçirlər.

ADA universiteti yeni tədris ili üçün iki ssenari hazırlayır. Tədrisin demək olar ki, 70-80%-i onlayn, 20-30% isə kampusda ənənəvi formada keçiriləcək. Yanaşmamız budur ki, böyük auditoriyalı mühazirə dərsləri onlayn, praktiki və az sayda olan dərslər isə məhdud şəkildə kampusda keçiriləcək. Cədvəlimizi həm onlayn həm də ənənəvi tədrisə uyğun formada qurmuşuq”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov:

“Tələbələr üçün vaksinasiya qərarı qəbul olunduqdan sonra tələbə həmkarlarının, təşkilatlarının xətti ilə görüş keçirdik. Tələbələrimizin hər birinə vaksinlə bağlı məlumat verilib. Tələbələrimiz tərəfindən vaksinasiya ilə bağlı rubrikalarda hazırlanıb. Rubrikanın adı “Tədrisə dönmək üçün, vaksin olunaq”

Təhsil Nazirliyi tərəfindən verilən qərardan asılı olaraq universitetdə dərslər həyata keçiriləcək. ADNSU universiteti həm onlayn həm də ənənəvi təhsilə hazırdır. Verilən qərarlar çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”.