Tələbələrdən rüşvət tələb etdiyi deyilən müəllimlə bağlı – Açıqlamabackend

Tələbələrdən rüşvət tələb etdiyi deyilən müəllimlə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi ilə bağlı səsyazma yayılıb. Səs yazısının universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus olduğu iddia olunur.

NOCOMMENT.az xəbər verir ki, sözügedən səs yazısında müəllim birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyir: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

Oxu.az-ın redaksiyasına müraciət edən sözügedən fakültənin tələbələri də bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib.

“Qafqazinfo” rüşvət iddiaları ilə bağlı BDU-nun Mətbuat xidməti ilə əlaqə saxlayıb. Sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ciddi araşdırılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.