Vaşinqton Şimali Atlantika Alyansındakı müttəfiqlərinin fikrini nəzərə almaq üçün Ukraynadakı münaqişənin həlli planının hazırlanmasını dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
“[ABŞ prezidenti] Donald Tramp administrasiyası Avropaya danışıqlar masası arxasında yer vermək üçün Ukraynaya dair sülh planını dayandırıb”, – nəşr qeyd edir.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq planın hansı formada olması və digər hökumətlərin sülh prosesinə hansı töhfə verə biləcəyi ilə bağlı fikirlər öyrənəcək. Bundan əlavə, o, avropalı tərəfdaşlarını əmin edib ki, Vaşinqton Moskva ilə istənilən danışıqlarda Kiyevin mövqeyini gücləndirmək niyyətindədir.
Kelloq sülh planının elementlərini fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında təqdim etməyi planlaşdırır.