Ağdam-Hindarx yolu işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa işləri çərçivəsində təmirə dayanıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyir ki, Ağdam şəhərinə aparan bu yolun təmir olunması işlərinə başlananda çox seviniblər. Amma 3 ildir ki, yolun ilkin yatağı işlənilənsə də asfalt döşəməsi çəkilmədiyi üçün hər gün təmiz hava əvəzinə toz udmaq məcburiyyətində qalıblar.
Sakinlər onu da iddia edirlər ki, avtomobillərin ən aşağı surətlə hərəkəti belə yolda qatı toz dumanı yaradır. Onlar da istəmədikləri halda 24 saat ərzində toz dumanı içərisində nəfəs almalı olurlar.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən «Xəzər Xəbər”ə bildirildi ki, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri hələ yekunlaşmayıb. Bu səbəbdən qeyd olunan ərazidə müəyyən çətinliklər müşahidə olunur. Yay aylarının müşahidə olunduğu hazırkı dövrdə bu vəziyyət daha da qabarıq şəkildə özünü göstərir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə tikinti işlərini həyata keçirən podratçı təşkilata ərazidə nəzarətin gücləndirilməsi və sulama işlərinin intensivləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.