“Tərbiyəçi-müəllim kimi təhsili olmayanlar bu sahədən uzaqlaşdırılmalıdır”backend

“Tərbiyəçi-müəllim kimi təhsili olmayanlar bu sahədən uzaqlaşdırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 və 20 oktyabr tarixlərində bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Belə ki, məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi məzmun və metodiki olmaqla iki istiqamətdə aparılacaq. Həmçinin diaqnostik qiymtələndirmə meyarlarına təhlükəsizlik ilə bağlı biliklər də daxil edilib.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov qeyd edib ki, məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən 2021-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarının tabeliyində olub:

“Həmin müddət ərzində məktəbəqədər təhsil müəssisələri tənəzzül edib. Hazırda bağçalarda fəaliyyət göstərən işçilərin 1/3-nin ümumiyyətlə təhsili yoxdur, digər 1/3-nin isə təhsili də məktəbəqədər təhsillə bağlı deyil.

Məktəbəqədər təhsil müəssisələri 2021-ci ilin dekabrında Prezidentin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinə həvalə edildi. Həmin vaxtdan etibarən bu istiqamətdə bağçalarda islahatların aparılmasına başlanıldı. Bu islahatlardan biri də burada çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılmasıdır. Yaxın zamanlarda həmin müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi başlayacaq”.

Həmsöhbətimiz bildirib ki, bağça müəllimləri üçün sertifikatlaşma prosesinə hazırlıq məqsədilə diaqnostik qiymətləndirmə keçirilir:

“Sosial şəbəkələrdə zaman-zaman bağçalarda çalışan bəzi müəllimlərin uşaqlara kobud rəftar etməsi, eləcə də uşaqların sağlamlığı, gigiyenası və təhlükəsizliyi ilə bağlı tələblərin bəzi hallarda qorunmaması, müəllimlərin bu biliklərdən xəbərsiz olması və ya bacarıqdan məhrum olması bağçalarda əsas problemlərdən biri kimi qiymətləndirilir.

Uşaqların təhlükəsizliyi, sağlamlığı və şəxsi gigiyenası, o cümlədən psixoloji və sosial şiddətlərlə qarşılaşmaması baxımdan diaqnostik qiymətləndirmədə bu kimi sualların qoyulması təqdirəlayiqdir.

Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrində tətbiq edilən həmin islahatlar müsbət mənada öz bəhrəsini verəcəkdir. Arzulanan odur ki, bağçalarda ümumiyyətlə bu sahədə təhsili olmayanlar üçün bir mexanizm işlənsin və onlar bu sahədən uzaqlaşsınlar”,- deyə ekspert fikrini yekunlaşdırıb.