Tərtər işi üzrə bir general DİNDİRİLİBbackend

Tərtər işi üzrə bir general DİNDİRİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərtər işi” – azərbaycanlı hərbçilərin Ermənistanın xüsusi xidmət orqanları üçün iddia olunan casusluq işində adı çox hallanan bir generalın dindirildiyi bildirilir.

NOCOMMENT xəbər verir ki, bunu Azadlıq Radiosuna Baş Prokurorluqdakı mənbə bildirib.

Həmin mənbə “Tərtər işi” üzrə işgəncələrlə əlaqədar həbslərin davam edəcəyini, hətta yüksək vəzifəli şəxslərin də həbs oluna biləcəyini istisna etməyib: “Bu olaylarda adı çox hallanan yüksək vəzifəli şəxslərdən də istintaqda dindirilən var. Kifayət qədər iddialı və ittiham xarakterli ifadələr var. Zərərçəkmişlərin bir neçəsi israrlıdır ki, təqsiri olan şəxslər tam cəzalandırılsın. Bu da müəyyən qədər prosesin gedişinə təsir edir”.

2021-ci ilin dekabrında Baş Prokurorluqda “Tərtər işi” üzrə icraat yenilənəndən sonra araşdırmalar bu qurumun İstintaq İdarəsində aparılır.

Azadlıq Radiosunun sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib ki, istintaq davam edir: “Yeniliklər olduqca mütəmadi mediaya bu barədə məlumat verilir”.

“Tərtər işi”ndə adı ən çox hallanan yüksək vəzifəli şəxslər bu işdə prosessual nəzarəti həyata keçirmiş hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, general-mayor Hikmət Həsənovdur. Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək “əsassız” adlandırıb.

“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidir…”, – deputat Zahid Oruc dekabrın 16-da parlamentin iclasında belə deyib.

Parlamentdə “Tərtər işi”nin gündəmə gətirilməsi zərərçəkmişlərdə yeni ümid yaradıb. Həmin hadisələr zamanı işgəncə nəticəsində həyatını itirən, 5 il dövlətə xəyanətdə ittiham ediləndən sonra 2022-ci ilin fevralında bəraət verilən Elçin Quliyevin anası Validə Əhmədova deyir ki, Milli Məclisdəki çıxışlardan sonra illərdir cəzalandırılmasını tələb etdikləri yüksək vəzifəli şəxslərin, bəlkə, bundan sonra məsuliyyətə cəlb olunacağına inanmaq istəyirlər. Çünki parlament üzvləri də artıq açıq şəkildə onların adlarını dilə gətirir.

Əhmədova deyir ki, bir tərəfdən, illərdir günahsız həbsdə saxlanılan, “vətən xaini” adıyla damğalanan, işgəncə ilə öldürülən adamlara bəraət verilir, amma digər tərəfdən də, bu cinayətləri törədən adamlar yüksək vəzifələrdə qalır.

Onun sözlərinə görə, bu absurdu anlamaq mümkün deyil. O əlavə edib ki, oğluna bəraət verilməsi ilə kifayətlənmək fikrində deyil. Zərərçəkmişin sözlərinə görə, hələ bir müddət əvvəl ona susması – şikayətçi olmaması müqabilində aylıq 700 manat müavinət, üçotaqlı mənzil və müəyyən məbləğdə pul təklif olunub, ancaq razılaşmayıb. Onun əsas tələbi günahkarların cəzalandırılmasıdır.

Vaxtilə “Tərtər məhbusları”nın məhkəməsində təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş vəkil Samir İsayev deyir ki, hələ Tərtər Hərbi Məhkəməsində bu işə baxılanda o, hərbi prokurorun müavini İmranovun çağırılıb dindirilməsi haqda vəsatət qaldırmışdı. Vəkil vəsatətində həm general İmranovun, həm Tərtər rayon hərbi prokuroru Fuad Məmmədovun, həm də müstəntiq Emin Vəliyevin məhkəmədə dindirilməsi məsələsini qoysa da, məhkəmə o dövrdə vəsatəti təmin etməmişdi. Ümumiyyətlə, “Tərtər işi”ndə təqsirləndirilənlər gileylənirdilər ki, onların işinə baxan hakimlər heç bir araşdırma aparmadan ittihamda yazılanları hökmə köçürüb, onların haqqında hökm çıxarıblar.

“Tərtər işi” üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib.

Hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər, o cümlədən general-mayor Bəkir Orucov həbs edilib, bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncə ittihamı ilə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub.

Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil. İstintaq təzələnəndən sonra zərərçəkmişlərin sayı da artıb. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən, lakin əvvəlki dövrdə şikayətçi olmayan, yaxud da şikayətçi olsa da, zərərçəkmiş qismində tanınmayan şəxslər də istintaqa cəlb edilib. Beləliklə, zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib.