Tərtər işində bəraət alanlara kompensasiya veriləcək?backend

Tərtər işində bəraət alanlara kompensasiya veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq bir qrup hərbi qulluqçunun işgəncəyə məruz qoyulması ilə müşayiət olunmuş və “Tərtər işi” adı ilə ictimai rezonans doğurmuş hadisənin istintaqını yenidən aparır.

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət etmiş bəzi hərbi qulluqçuların sorğulama prosesində fiziki və psixi işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulması 2017-ci ildə baş verib.

2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan 397 nəfər zərərçəkmiş şəxs kimi tanınıb, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsindəki hökmlər ləğv edilib.

Hərbi qulluqçulara işgəncə verməkdə təqsirləndirlən 7 nəfər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib, bir nəfər axtarışa verilib.

Bəs bəraət alanlara kompensasiya verilə bilərmi?

NOCOMMENT xəbər verir ki, hüquqşunas Cavad Cavadov modern.az-a bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı maddə var.

Onun sözlərinə görə, həmin maddədə bildirilir ki, zərərçəkmişə vurulmuş həm maddi, həm mənəvi ziyan dövlət tərəfindən ödənilir. Burada prosedur olaraq həmin şəxslər zərərin miqdarını sübut etməlidir, daha doğrusu zərəri əsaslandırmalıdırlar.

Vəkil bildirib ki, təbii olaraq, “Tərtər işi”ndə vəfat edən şəxslərin hüquqi varisləri də məsələni qaldırmaq hüququna malikdirlər. Həmin şəxslər hadisə maddi zərərdisə bunun əsasını sübut etməlidirlər. Mənəvi zərərdirsə, onu əsaslandırmalıdırlar. Əsaslandırmadan sonra həm maddi, həm mənəvi zərər dövlət tərəfindən ödənilməlidir.

Bəraət alan şəxslərin əvvəlki işlərinə yenidən bərpa olunmasına gəlincə, C.Cavadov bunları deyib: “Həmin şəxslərin bütün hüquqları bərpa olunmalıdır. Cinayət-Prosessual Məcəllədə də qeyd olunub ki, bəraətverici əsaslarla hökmə xitam verilibsə, şəxslərin bütün hüquqları yenidən bərpa olunur. Bu, istər əmək hüququ, istər digər əlahiddə hüquqlar olsun, fərq etmir”.