Tərtər rayon Hacıqərvənd kəndinin Şah İsmayıl Xətai və 20 Yanvar küçələrində elektrik dirəkləri və naqilləri bərbad vəziyyətdədir.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, kəndlərdə elektrik dirəkləri köhnə olduğundan naqillər tez-tez qırılır və onları bərpa etmək təhlükəli hal alır:
“Bu dirəklər gördüyünüz kimi çürüyüb, yararsız hala düşüblər. Elektrik naqilləri bir az külək olan kimi bir-birinə dolaşır, saatlarca işıqsız qalırıq. Uzun illərdir quraşdırılan beton dirəklər artıq istismar müddətini başa vurub. Yağışın, qarın təsirindən ovulub tökülən dirək iki armaturun hesabına dayanıb. Ən dəhşətlisi isə təhlükəli halda olan dirəyə elektrik xətlərinin bərkidilməsidir.
Ani güclü külək və ya xoşagəlməz hadisə təsirindən dirək hər an aşa və bədbəxt hadisə baş verə bilər. “Azərişıq” ASC-yə müraciət edirik, müraciətimizə baxan olmur.”