Tərtər sakini müharibədə dağılmış evinin təmirindən narazıdır – AÇIQLAMAbackend

Tərtər sakini müharibədə dağılmış evinin təmirindən narazıdır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər sakini, rayonun Hüseyn Cavid prospekti-25 ünvanında yaşayan Vidadi Həsənov Vətən müharibəsi zamanı dağılmış evini təmir edən “REAL İnşaat” MMC-dən şikayətçidir.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən V.Həsənovun sözlərinə görə, ermənilərin atdığı toplardan biri qapısına, digəri isə həyətə düşüb və nəticədə evinin içi, pəncərələr dağılıb, dam örtüyü yararsız hala düşüb: “Təmir işlərini həyata keçirmək “REAL İnşaat” MMC-yə tapşırıldı. Onlar da gəlib evimi 15-20 günə yekunlaşdırıb getdilər. Halbuki işlər yarımçıq qalıb. Divarlarda hələ də çat var. Dam örtüyü yaxşı vurulmayıb, rəngləri də fərqlidir. Sabah yağış yağanda su içəri dama bilər. İşləri yarımçıq görmələrinə rəğmən məndən akta qol çəkməyi istəyirlər. Mən isə imza çəkməkdən imtina etdim”.

V.Həsənovun evinin təmiri ilə məşğul olan iş icraçısı Mirhüseyn Əliyevlə əlaqə saxlanılıb.

O bildirib ki, təmir prosesi ev sahibinin gözü qarşısında baş tutub: “Bizim həmin evdə cüzi işlərimiz qalıb. Boru düzəltmək və karniz qoymaq lazımdır. Onu da işçilərə tapşırmışam həll edəcəklər. Dam örtüyünün rəngi də ev sahibinin iştirakı ilə seçilib.

Ona akta qol çəkdirməmişik. O hansı rəngi seçibsə, həmin rənglərlə də dam örtüyünü vurmuşuq. Həmin şəxs də ustanın yanında olub. İş həcminə uyğun olaraq işləri həyata keçirilib”.

Qeyd edək ki, ermənilər tərəfindən müharibə vaxtı dağılmış evlərin bərpa edilməsi ilə əlaqədar dövlət başçısı sərəncamlar imzalayaraq tapşırıqlar verib. Bununla əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müharibədən zərər görmüş şəhərlərdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi, tikintisi və bərpası üçün 8 şirkəti cəlb edib.