Əli Kərimlinin Böyük Britaniyanın “The Economist” nəşrində “məqaləsi”nin dərc olunması ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Məlum olub ki, məqalənin əsl müəllifi Əli Kərimli özü deyil.
Ə. Kərimlinin iddia etməsinə baxmayaraq ki, guya məqalənin müəllifi odur və məqalə tərcümə edilib, təhlil göstərir ki, bu yazının orijinal dili məhz ingilis dilidir.
Süni intellektin təhlili isə göstərir ki, bu məqalə birbaşa ingilis dilində yazılıb. Mətnin dil strukturu, ifadə tərzi və qrammatik düzgünlüyü bunu açıq şəkildə sübut edir. Heç bir tərcümə izinə rast gəlinmir, cümlə strukturları və frazalar ingilis dilində təbii axıcılıqla qurulub. Xüsusilə publisistik və akademik terminologiyanın düzgün istifadəsi mətnin birbaşa ingilis dilində yazıldığını göstərir.
Əldə etdiyimiz dəqiq məlumata əsasən, bu məqalənin müəllifi Arkadi Ostrovskidir (https://arkadyostrovsky.com/). Ostrovski haqqında İnternetdə kifayət qədər məlumat var. O, ermənipərəst mövqeyi ilə seçilir. Bu şəxs 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanda səfərdə olub və xarici media nümayəndələri üçün təşkil edilmiş cəbhə xəttinə səfərdə iştirak edib. Maraqlı bir detal: ölən mülki yeniyetmənin evinə girərkən, Ostrovski gülümsəyərək bildirib ki, “erməniləri Sumqayıtda poqrom edəndə bunun belə olacağını bilmirdiniz?” Ostrovskiyin bu sözləri Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olmuşdu, çünki faktiki olaraq işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlı uşağın öldürülməsinə yalanlarla haqq qazandırmağa çalışırdı.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 2020-ci ilin 44 günlük müharibəsi zamanı Ostrovski Bakıya səfər etmişdi. Burada olduğu müddətdə onun əsas tezisi bu olub ki, bu müharibə uzun çəkməlidir və sonda Rusiya-Türkiyə toqquşmasına səbəb olmalıdır. “Azərbaycanın və Ermənistanın itkiləri bu kontekstdə geosiyasi baxımdan əhəmiyyətli deyil. Əsas məqsəd bu regionda Rusiya-Türkiyə müharibəsinin başlanması olmalıdır”, – bunu Ostrovski azərbaycanlı şahidlər qarşısında deyib. Müharibə bitəndə və Ostrovskinin istədiyi ssenari baş tutmayanda isə o, açıq şəkildə öz məyusluğunu bildirib.
Məlum olub ki, Əli Kərimli üçün bu məqalənin yazılma prosesi zamanı Ostrovski bir neçə dəfə Bakıya zəng edib, bəzi yerli ekspertlərlə məsləhətləşib və onların tövsiyələrini alıb.
Göründüyü kimi, Əli Kərimli faktiki olaraq başqa bir adamın intellektual məhsulunu öz məqaləsi kimi təqdim edərək açıq plagiatla məşğuldur. Bununla yanaşı, o, öz adından yayılacaq məqalənin açıq Azərbaycanofob və ermənipərəst müəllif tərəfindən yazılmasına şərait yaradıb. Şəhidlərimizə nifrət edən bir şəxsə öz adından məqalə yazdıran Kərimli bu hərəkəti ilə bir daha göstərir ki, onun üçün şəxsi maraqları hər şeydən üstündür.