İsmayıllıda 20 il feldşer kimi işləyən rayon sakini ona təklif edilən yeni vəzifədən narazıdır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayon sakini Sədaqət Hacıyevanı bu ildən tibb bacısı vəzifəsinə keçirtmək istəyirlər. Çünki İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibb Yardım Stansiyasında 20 il feldşer kimi işləyən Sədaqət Hacıyevaya artıq bu vəzifədə çalışmayacağı bildirilib.
Müsahibimiz bildirir ki, o, işini layiqincə yerinə yetirir və vəzifə dəyişikliyinə getməyəcək.
Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirildi ki, Sədaqət Hacıyeva ilə tərəfimizdən görüş keçirilib və iş fəaliyyəti barədə müvafiq izahatlar verilib. Görüş zamanı əməkdaşa ixtisasına uyğun olaraq, yəni tibb bacısı vəzifəsi üzrə vəzifə yerdəyişməsi təklif olunub.
“Lakin Sədaqət xanım feldşer vəzifəsində çalışmağa üstünlük verdiyini bildirib. Qeyd etmək istərdik ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən və mövcud ixtisas və vəzifə nomenklaturasına uyğun olaraq, tibb bacısı ixtisasına malik olan şəxsin feldşer vəzifəsində çalışması yolverilməzdir. Hər bir vəzifəyə yalnız uyğun ixtisasa malik şəxslər təyin edilə bilər. Bu səbəbdən, Sədaqət xanımın feldşer vəzifəsində işləməsi mümkün hesab edilmir. Müvafiq olaraq, ona yalnız tibb bacısı vəzifəsi üzrə yerdəyişmə təklif oluna bilər”, – deyə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.