Tbilisidə prezident sarayının qarşısında etirazçılar yaxınlıqdakı kafelərdəki mebelləri yandırıblar.
Xüsusi təyinatlılar etirazçıları tamamilə prezident iqamətgahından uzaqlaşdırsalar da, etirazçılar barrikadalar qurublar.
***
Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.
Hazırda xüsusi təyinatlılar etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdır.
***
Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib. Etirazçılar Azadlıq meydanında toplaşaraq hakimiyyətin xalqa məxsus olduğunu bildiriblər.
Etirazçılar Gürcüstanın baş naziri İrakli Kobaxidze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mamuka Mdinaradze, parlamentin spikeri Şalva Papuaşvili, “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, deputat Tea Tsulukiani və Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidzenin həbsini tələb ediblər.
“Biz prezident sarayının açarlarını əldə etmək niyyətindəyik. Bu, ilk addım olacaq”, – təşkilat komitəsinin üzvü, sabiq baş prokuror Murtaz Zodelava bildirib.
***
Tiflisdə yerli seçkilər ərəfəsində etiraz aksiyaları keçirilir. Etirazçılar hökuməti Rusiya ilə sıx əlaqələrdə ittiham edərək, Gürcüstanın azad və müstəqil gələcəyini tələb ediblər.
NOCOMMENT.az xəbər verir ki, yüzlərlə etirazçı Rustaveli prospektini bağlayaraq parlament binasının qarşısına və Müqəddəs Georgi abidəsinin yerləşdiyi Azadlıq meydanına toplaşıb.
Tələbələrin və müxalif fəalların iştirakı ilə keçirilən mitinqdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib və dinc dəyişikliklərə çağırışlar edilib.
Qeyd edək ki, Gürcüstanda yerli seçkilər səhər saat 8:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq. Seçkilərdə 12 siyasi partiya iştirak edir, Tiflisdə isə 9 namizəd mer postu uğrunda mübarizə aparır.