Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır – Orxan Məmmədov etiraf etdibackend

Tikinti icazələri çətinliklə verilir, şikayətlər çoxalır – Orxan Məmmədov etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində sahibkarların üzləşdiyi müəyyən çətinliklər hələ də qalmaqdadır.

NOCOMMENT.az FED.az-a istinadən xəbər verir ki, bu barədə KOBİA sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, cari il ərzində agentliyə tikinti sektoruna dair bir sıra müraciətlər daxil olub: “Onların böyük əksəriyyəti müvafiq icazələrin verilməsi ilə bağlıdır. Bundan əlavə, müraciətlər mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan çətinlikləri, tikinti aparılan sahədə ağacların köçürülməsi məsələlərini, tikinti materiallarının istehsalı üçün ‘Dağ-mədən ayırması” aktının əldə olunmasını, həmçinin sahibkarlara məxsus torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı problemləri əhatə edib”.

O.Məmmədov qeyd edib ki, icazə prosedurlarında dəyişikliklər sahibkarların fəaliyyətinə təsir baxımından əvvəlcədən ciddi təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və cavablandırılması üçün vahid elektron platforma tam funksional şəkildə tətbiq olunmalıdır: “Eyni zamanda, KOB-ların vaxt və vəsait itkilərinin azaldılması üçün rəqəmsal həllər, innovativ yanaşmalar və pilot layihələr dəstəklənməlidir”.

Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də tikniti icazələrinin alınmasında problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda tikinti icazələrinin verilməsi üçün 18 prosedurun icrası orta hesabla 100-112 gün tələb olunurdu: “Hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə azaldılaraq 9 prosedur və 40 günə endirilib”.

M.Musayev əlavə edib ki, 2025-ci ilin ilk yarısında bu müddət 98 günə qədər azaldılsa da, sahibkarlar prosedurların daha da sadələşdirilməsini və çevikliyin artırılmasını gözləyirlər: “Hazırda sahibkarlar tikinti və icazələrlə bağlı məsələləri müxtəlif dövlət qurumlarına yönləndirmək məcburiyyətində qalır ki, bu da prosesin uzanmasına və hüquqi qeyri-müəyyənliklərin yaranmasına səbəb olur”.

Tikintiyə icazənin çətinliyinin səbəbləri açıqlanıb

Tikinti icazələrinə cavabdeh qurumlar isə icazə prosesindəki yubanmaları texniki və keçid dövrü səbəbləri ilə izah edirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, «Elektron tikinti» portalının müxtəlif dövlət qurumları ilə inteqrasiyası vaxt aparsa da, artıq sistem formalaşdırılıb və stabil işləyir: “Əvvəllər inteqrasiya olunmuş dövlət qurumlarının texniki imkanları və prosedur uyğunluqları səbəbindən müəyyən yubanmalar olunurdu. Lakin bu proses artıq yoluna düşüb. Əlavə olaraq, açıq rejimdə sənədlərdə çatışmazlıq aşkarlanarsa, həmin gün sifarişçiyə yönləndirilir və sənədin yenidən yüklənməsi təmin edilir”.