Tofiq Yaqublu ilə bağlı Prezidentə MÜRACİƏT EDİLDİ – Siyasi partiyalar tərəfindənbackend

Tofiq Yaqublu ilə bağlı Prezidentə MÜRACİƏT EDİLDİ – Siyasi partiyalar tərəfindən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup siyasi ötən gecə aclıq etdiyi Bakı İstintaq Təcridxanasından City Hospitala köçürülən Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət ediblər. Bu barədə Turan İA məlumat yayıb.

NOCOMMENT-in məlumatına görə, həmin müraciətdə bildirilir:

Cənab Prezident,

Biz, bu müraciəti imzalayan siyasi partiya və hərəkat rəhbərləri rəhbərləri, politoloqlar bildirirk ki, 22 mart 2020-ci il tarixində avtomobil qəzası zamanı baş vermiş “mübahisə”yə görə saxlanılaraq, haqqında 3 ay həbs qətimkan tədbiri seçilmiş Qarabağ qazisi, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Məhkəmə qapalı şəraitdə keçirildiyinə görə, vəkillərin verdiyi məlumat əsasında deyə bilərik ki, məhkəmə prosesi zamanı nə onların, nə də təqsirləndirilən şəxs olaraq Tofiq Yaqublunun vəsatətləri nəzərə alınmamış, eləcə də istintaq məhkəməyə əsaslı sübut və dəlillər təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə saxta şahidlərin ifadələri əsasında Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası vermişdir. Odur ki, biz bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik.

Ədalətsiz məhkəmə prosesinə etiraz edən Tofiq Yaqublu onun barəsində çıxarılan hökmün ləğv edilməsi tələbi ilə həbsxanada ölüm aclıq aksiyası keçirir. Aksiya 10 gündən çoxdur ki, davam edir və o, bu müddət ərzində heç bir qida qəbul etmir. Ailə üzvlərinin, vəkillərin və həkimlərin rəyinə görə, Tofiq Yaqublunun səhhətində ciddi problemlər yaranıb, onda halsızlıq, çəki azalması, ümumi zəiflik müşahidə olunur. Bütün bunlar davam etdikcə Tofiq Yaqublunun həyatına təhlükə və risklər artır. Bunu həyəcanla izləyən ictimaiyyət, eləcə də bizim rəhbərlik etdiyimiz siyasi partiyaların və hərəkatların üzvləri, politoloqlar sizin Tofiq Yaqublunun işinin ədalətlə həll edilməsi üçün müdaxilənizlə onun azadlığa buraxılmasını zəruri hesab edirik.

Tofiq Yaqublu 1992-93-cü illərdə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə ön cəbhədə vuruşmuş və şücaət göstərmişdir. O həyatının bütün dövrlərində dövlətçiliyə və milli maraqlara sadiqliyi ilə seçilmişdir.

Cənab Prezident,

Hesab edirik ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün məhkəmə və ədliyyə sistemində islahatların aparılmasına ehtiyac getdikcə artır. Biz fürsətdən istifadə edərək, onu da bəyan edirik ki, siyasi partiyalar olaraq bu sahədə islahatların aparılması prosesinə töhfə verməyə hazırıq.

Biz, Tofiq Yaqublunun işini xüsusi nəzarətinizə götürməyə, onun işi ilə bağlı ən qısa zamanda apellyasiya məhkəməsi keçirilərək həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırırıq. Çağırışımıza diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirik.

Hörmətlə,

Azərbaycan Ədalət Partiyası, İlyas İsmayılov
Azərbaycan Demokratiya və Rifah Hərəkatı, Qubad İbadoğlu,
Azərbaycan Xalq Partiyası, Pənah Hüseyn
Azərbaycan Yüksəliş Partiyası, Anar Əsədli
Haqq və Ədalət Partiyası, Əli İnsanov
Milliyyətçi Demokratlar Partiyası, İlyas Abdullayev
Ümid Partiyası, İqbal Ağazadə
Vahid Azərbaycan Milli Birlik Partiyası, Hacıbaba Əzimov
Vətəndaş və İnkişaf Partiyası, Əli Əliyev
Politoloq, Ərəstun, Oruclu
Politoloq, Hikmət Hacızadə