KoronaVirus İnformasiya Portalı
Tofiq Zülfüqarov: Rusiyanın Lavrov qanadı hərəkətə keçibbackend

Tofiq Zülfüqarov: Rusiyanın Lavrov qanadı hərəkətə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qərbə üz tutan Azərbaycana necə təzyiq göstərir?

NOCOMMENT xəbər verir ki, bu sualı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov özünün feysbuk səhifəsində verib.

Tanınmış politoloq cavabında qeyd edib ki, “Postsovet məkanda Rusiyanın nüfuzu zəifləyir. Keçmiş SSRİ süquta uğradıqdan sonra müstəqillik qazanmış yeni respublikalar Kremldən uzaqlaşmaq, Qərbə inteqrasiya etmək yolunu tutublar. Cənubi Qafqaz bu ümumi tarixi prosesin cərəyan etdiyi bölgədir.

Gürcüstanın siyasəti, üstqurum olaraq, qərbyönlü olsa da, bu ölkənin bazisini təşkil edən iqtisadiyyatı barədə bunu demək çətindir. Gürcüstan iqtisadiyyatı çox zəifdir və onu Azərbaycan iqtisadiyyatı ilə müqayisə edəndə görünür ki, sonuncu, regionda və elə bütün postsovet məkanında Qərbə ən çox bağlı olan iqtisadiyyatdır (investisiya yatırımının həcmi, layihələr, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, müasir texnologiyalar və s. baxımından). Ermənistanla bağlı vəziyyət isə fərqlidir.

Məlumdur ki, Nikol Paşinyan Qərbin layihəsidir və burada əsas məqsəd Ermənistanı Rusiyadan tam ayırmaq və Qərbin tərəfinə keçməsinə nail olmaqdır. Lakin bu strategiyada köklü ziddiyyətlər mövcuddur.

Bir tərəfdən, Azərbaycana qarşı işğalı davam etdirən Ermənistan üçün Rusiya hərbi-təhlükəsizlik qarantıdır. Digər tərəfdən, böhrandan çıxmaq üçün Ermənistan artıq Qərbə doğru dönməlidir. Çünki investisiyalar, müasir texnologiyalar Qərbdədir. Və burada ziddiyyət yaranır: Ermənistan təhlükəsizliyi Rusiyadan, investisiyanı isə Qərbdən istəyir. Bu isə mümkün deyil.

Yuxarıda göstərilən səbəblər üzündən Rusiyanın Ermənistandan, eləcə də Ermənistanın Rusiyadan uzaqlaşması prosesi müşahidə edilməkdədir. Hər iki ölkənin siyasi və ictimai dairələrində qarşılıqlı və olduqca ağır ittihamlar səslənir. Nəticə etibarilə bu uzaqlaşma baş verəcək.

Rusiyadakı bəzi qüvvələr (məsələn, Lavrov qanadı) bu uzaqlaşmanı ört-basdır etmək məqsədi ilə Azərbaycana qarşı informasiya müharibəsinin yeni bir mərhələsinə başlayıblar. Onlar müxtəlif hədə-qorxu xarakterli xəbərlər yayaraq bunların ətrafında ajiotaj yaratmaqla Azərbaycan cəmiyyətində “Rusiya xofunu” bərpa etmək istəyirlər. Qərbə inteqrasiya yolunda qonşularından qat-qat irəli getmiş Azərbaycanı öz təsiri altında saxlamaq üçün Moskva iki yoldan istifadə edir:

1) işğalçı Ermənistanın vasitəsilə təzyiq göstərir;

2) Azərbaycan cəmiyyətində qorxu yaratmağa çalışır ki, Qərbə dönəcəyi təqdirdə, guya Rusiya tərəfindən ciddi cəzalandırılacaq”.