Hər birinizə məlumdur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra başçılarının və kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirildi. Toplantıda şəhərin sanitar təmizliyi, yaz-yay mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işləri, eləcə də qanunsuz tikintilərlə bağlı vəziyyət müzakirə olundu. Müşavirəyə rəhbərlik edən Eldar Əzizov bəzi rayonlardakı vəziyyəti kəskin tənqid etdi, xüsusilə Suraxanı, Qaradağ və Xəzər rayonlarında yol verilən nöqsanlara diqqət çəkdi. Nəticədə Suraxanı rayonunun rəhbəri Adil Əliyev töhmət aldı və bir ay ərzində problemlərin aradan qaldırılacağına söz verdi.
Rəsmi açıqlamalara baxanda hər şey qaydasında görünür: iradlar səslənir, məsul şəxslər cəzalandırılır, tapşırıqlar verilir. Amma reallıq tamam başqadır. Xüsusilə Suraxanı rayonunda yaşayan hər kəs bilir ki, oradakı problemlər bir ayın, bir ilin yox, illərin problemidir. Bərbad yollar, yığılıb qalan tullantılar, baxımsız məhəllələr, yarımçıq qalan abadlıq işləri artıq adi mənzərəyə çevrilib. Bəzi ərazilər paytaxtın bir hissəsindən çox, nəzarətsiz və sahibsiz bir məkana bənzəyir.
Bu vəziyyətin fonunda Adil Əliyevə verilən töhmət sadəcə formal bir addım təsiri bağışlayır. Sanki illərlə yığılan problemlərin günahı bir kağız üzərində yazılan “töhmət”lə yuyulub təmizlənir. Halbuki söhbət təkcə səliqəsiz küçələrdən getmir. Söhbət dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin necə xərclənməsindən, bu vəsaitlərin nə dərəcədə xalqın rifahına xidmət etməsindən gedir.
Hər il abadlıq, təmir, infrastruktur layihələri üçün böyük məbləğlər ayrılır. Rəsmi hesabatlarda rəqəmlər şişirdilmiş kimi görünür. Amma Suraxanıya, Sabunçuya, Qaradağa gedəndə həmin pulların izini tapmaq çətin olur. Əgər bu vəsaitlərin heç olmasa 50 faizi real və vicdanla xərclənsəydi, bu qədər bərbadlıq olmazdı. Bu, sadəcə jurnalistin fikri deyil, orada yaşayan minlərlə insanın gündəlik müşahidəsidir.
Müşavirədə qanunsuz tikintilərlə bağlı görüntülərin nümayiş etdirilməsi də acı reallığı ortaya qoydu. Bildirildi ki, bu hallar əsasən Sabunçu rayonu, Qaradağ və Xəzər rayonlarında aşkarlanıb. Amma sual yaranır: bu tikililər dünənmi peyda olub? Aylarla, bəzən illərlə davam edən bu proseslər niyə vaxtında dayandırılmayıb? Rayon rəhbərləri həmin müddətdə nə ilə məşğul olublar?
Ən acınacaqlısı isə odur ki, bu cür müşavirələr Azərbaycanda ilk dəfə keçirilmir. İllərdir eyni ssenari təkrarlanır: yığıncaq çağırılır, problemlər sadalanır, bir-iki nəfərə töhmət verilir, vədlər səslənir, sonra isə hər şey əvvəlki kimi davam edir. Nəticədə isə dəyişən yalnız tarix olur, problemlər yox.
Bu gün bir çox icra başçısı dövlət büdcəsinin hesabına həyata keçirilən layihələrdən milyonlar qazanır, dəbdəbəli avtomobillər sürür, böyük malikanələrdə yaşayır. Amma onların rəhbərlik etdiyi rayonlarda insanlar palçıqlı yollardan keçməyə, zibillərin içində yaşamağa məcbur qalır. Belə bir şəraitdə töhmət nə cəzadır, nə də ədalət.
Ən əsas problem isə hesabatlılığın olmamasıdır. Hansı rayona nə qədər vəsait ayrılıb? Hansı layihə kimə verilib? Pullar necə xərclənib? Niyə görülən işlər bir-iki ildən sonra yenidən sıradan çıxır? Bu suallara ictimaiyyətin aydın cavab almaq hüququ var. Amma bu cavablar hələ də verilmir.
Əgər həqiqətən də Bakının inkişafı, paytaxtın müasir şəhərə çevrilməsi məqsəd qoyulubsa, bu, təkcə mərkəzdə gözəl parklar salmaqla olmur. Kənar qəsəbələr, problemli rayonlar da eyni diqqəti görməlidir. Əks halda, paytaxt iki yerə bölünür: vitrin üçün bəzədilmiş mərkəz və unudulmuş kənar məhəllələr.
Suraxanı ilə bağlı vəziyyət artıq xəbərdarlıq mərhələsini çoxdan keçib. Burada söhbət bir icra başçısının reputasiyasından yox, on minlərlə insanın normal yaşamaq hüququndan gedir. Bu hüquq isə töhmətlə yox, real nəzarət, ciddi audit və məsuliyyət mexanizmi ilə qoruna bilər.
Əks halda, növbəti müşavirədə də eyni sözlər deyiləcək, eyni vədlər veriləcək və eyni problemlər qalacaq. Zərər çəkən isə yenə sadə vətəndaş olacaq.
Əli Səfərli,
NOCOMMENT.az













