Tom Kruzun qonorarı, xarici səfərlərin xiffəti və Aslan Aslanovun İSTEFASIbackend

Tom Kruzun qonorarı, xarici səfərlərin xiffəti və Aslan Aslanovun İSTEFASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəli bu linkdə (https://nocomment.az/azertac-muasir-cagirislara-cavab-vermir-media-islahatlari-bu-qurumdan-baslamalidir/)

Ötən yazımızda Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAc-ın fəaliyyəti ilə bağlı müəyyən istiqamətləri bildirmişdik.

Məqsədimiz ölkəmizdə böyük imkanlara malik agentliyi sırf tənqid etməklə gözdən salmaq deyil, əksinə, bu media qurumunun mühüm islahatlara getməsinin vaxtı yetişdiyini müvafiq strukturların nəzərinə çatdırmaq idi. Həmin niyyətimizi əsas gətirərək bu istiqamətdə araşdırmalarımız davam edir.

Məhz niyə AzərTac?

Çünki xəbər agentlikləri arasında dövlət tərəfindən böyük imkanların yaradıldığı bu qurum heç bir regional informasiya agentlikləri ilə rəqabət apara bilmir.

Məlum olduğu kimi, xəbər agentlikləri hazırda informasiya axınlarının məzmununu, həcmini və tematik istiqamətini böyük ölçüdə müəyyən edən media proseslərinin əsas subyektlərindən biridir. Media ekspertləri haqlı olaraq bildirirlər ki, bu strukturların əhəmiyyəti daha da artacaq, informasiya texnologiyalarının sürətli inkişafı hesabına onların sayı və gücü çoxalacaq.

Gəlin etriaf edək ki, bu gün medianı agentliklərsiz təsəvvür etmək, ümumiyyətlə, mümkün deyil. Çünki 21-ci əsrin insanları ciddi, düşündürücü, dünyada və regonda gedən prosesləri əks etdirən xəbərlərə acdır.

Amma gəlin görək, AzərTAc Azərbaycan oxucusunun bu tələblərinə cavab verirmi? Birmənalı və net şəkildə cavab aydındır: YOX. Bəs əsas günahkar kimdir? Burada cavab versiyaları çoxdur və demək olar ki, bütün versiyaların önündə agentliyin xəbər siyasəti durur. Və hamıya gün kimi aydındır ki, bu siyasəti agentliyin rəhbəri müəyyənləşdirir. Amma Aslan Aslanov artıq xəbər siyasəti yürütmür, köhnə sovet ənənələrini çiyinlərində daşıyır və bu sadiqliyini bütün xəbərlərində canla-başla sübut etməyə çalışır.

Aslan Aslanov rəhbərlik etdiyi media subyektinin işinin xüsusiyyətlərini yaxşı bilsə də, ətalətdən yaxa qurtara bilmir. Səbəb yalnız qocalıqdırmı? Elə deməzdik. Cənab Aslanovun fəaliyyətizliyi getdikcə daha da dərinləşir. Çünki o, idarəetmədə və müasir çağırışlara cavab verəcək informasiya siyasətində inqilab etmək istəmir, gününü keçirir, ümummilli lider Heydər Əliyevlə keçirdiyi xarici səfərlərinin xiffətini çəkə-çəkə adi mətləbləri belə yaddan çıxarır.

Gəlin bir qədər də konkretləşdirək: AzərTac digər KİV-lərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu, əsasən özünü xəbər materiallarının forma və məzmununda göstərir. Hər kəs razılaşar ki, agentliyin xəbər mətnlərinin strukturu çox darıxdırıcıdır. Çünki bu xəbərlərin hazırlanmasında sovet mediasının prinsiplərindən istifadə edilir. Əlbəttə, qarşı tərəfin arqumentləri ola bilər. Həmin arqumentlər isə xəbərlərin yoxlanılmasına yanaşmalar və hadisələrin cərəyanından seçilmə meyarları ilə bağlıdır.

Ancaq standartlar dəyişib, cənab Aslanov. Artıq mətnlərin strukturu dəyişilməlidir. İnformasiyanın məzmunu ilə bağlı sərt və konkret tələblər irəli sürülməlidir. Yəqin AzərTAc-ın işinə nəzarət edən digər qurumlar da bizimlə razılaşar ki, agentlik dövlət başçısının tədbirlərini hazırlayan bülleten-agentlik səviyyəsindən çıxmalıdır.

Xahiş edirəm, bizə dünyanın aparıcı xəbər agentlikləri ilə imzalanan memorandumlardan, əməkdaşlıq məsələlərindən danışmayın. Onsuz da qulağımız dolub. Amma “xəbər mədə”miz hələ ki, acdır.

Artıq bizə aran rayonlarında nə qədər pambığın yığılması haqqında məlumatlar lazım deyil. Ehtiyac olarsa, oxucu, Statistika İdarəsinin saytından bu tipli xəbərləri informasiya bankına toplaya bilər.

Xəbərlərin müasir tərtibi qaydalarını peşəkarlar, o cümlədən Aslan müəllim də bilir. Və yəqin onu unutmur ki, xəbər agentliyi əsasən bu meyarlara cavab verməlidir:

  • Sosial əhəmiyyətli xəbərlər – yəni geniş auditoriya üçün maraqlı olmalıdır.
  • Xəbər oxucunu maarifləndirməlidir.
  • Agentliyin hazırladığı informasiya operativliyi ilə oxucunu özünə cəlb etməlidir.

Bu meyarlara cavab verməyən AzərTac dövlətimiz və cəmiyyətimiz üçün hansı mesajları ötürə bilər?! Bəs informasiya agentliyi geniş auditoriyaya maraqlı olmaq üçün hansı addımları ata bilər?

Hesab edirik ki, ilk növbədə agentlikdə iş standartları yenidən formalaşmalıdır. Jurnalist həmkarlarımın əskəriyyəti Aslan Aslanovun bu standartlarından yaxşı xəbərdardır. Onun üçün xəbərlərin vaxtında və məzmunlu olması mühüm əhəmiyyət kəsb etmir.

Gəlin “İnterfaks” agentliyinin üzərində duraq. Bununla bağlı agentliyin iş prinsiplərində oxuyuruq: “İnterfaks” agentliyinin informasiya standartına əsasən, xoş xəbər maraqlı, hərtərəfli, eksklüziv məlumatların tapılmasına və informasiya texnologiyalarına ciddi riayət olunmasına yönəlmiş yaradıcı səylərin məcmusudur. Agentlik xəbərlər təqdim edir ki, müştərilər onlara əsaslanaraq qərar qəbul edə bilsinlər. Sahib olduğumuz ən dəyərli şey oxucularımızın etimadıdır. Biz əlimizdən gələni etməliyik ki, qeyri-işlək, təhrif olunmuş və ya birtərəfli məlumatların görünməsi istisna edilsin”.

AzərTAc öz prinsiplərinin təqdimatını keçirərsə, özləri haqqında belə fikirləri deyə bilərmi? İnsafən deyə bilərik ki, rəsmi məlumatlar barədə sözügedən media orqanı – Publik hüquqi şəxs oxucu (məhdud sayda) etimadını qazana bilib. Ancaq bu etimad hər şeyi həll etmir.

Dediyimiz kimi, agentlikdə sürət, balans və məlumatın tamlığı çatmır. Bu, agentlik üçün ciddi qəbahətdir.

Çünki AzərTac əsas hadisələrlə bağlı xəbərlərin yayımlanma vaxtında istənilən xəbər agentliyinə rəqabətdə uduzur. Aslan müəllim, unutmayın ki, birinci olmaq istənilən halda vacibdir.

Xəbərin yayılma sürəti birbaşa agentliyin peşəkarlığının göstəricisidir. Burada bizə siyasi konyukturanın vacibliyindən danışmayın. Ölkənin ali rəhbərliyi yeniliyi, media ilə bağlı islahatları dəstəkləyib və köhnə prinsiplərdən imtinanı qəbul edib.

AzərTAc xəbərin faktlarını, sitatlarını, istinadlarını, təşkilatların adlarını və vəzifələrin düzgünlüyünə görə tam məsuliyyətli addımlar atsa da, maraqlı, əhatəli məlumatların təqdimatını düzgün təmin edə bilmir. Dediyimiz kimi, xəbərlər maraqlı olmalıdır. O, yalnız o zaman maraqlı ola bilər ki, yeni məlumatları ehtiva etsin, əsas məqamlara diqqət yetirsin, hadisənin cəmiyyətə və ya maliyyə bazarlarına necə təsir göstərə biləcəyini izah etsin, proseslərin inkişafı üçün gələcək imkanlara işarə etsin. Çünki oxucular xəbərlərdə ilk növbədə “Bundan sonra nə olacaq?” sualının cavabını axtarırlar.

AzərTAc əgər dövlətin tezislərini cəmiyyətə ciddi şəkildə ötürmək istəyirsə, istənilən mesajı balanslı şəkildə təqdim etməyi bacarmalıdır. 71 yaşlı Aslan Aslanov bunu bacara bilərmi? O, Azərbaycan oxucusuna hadisə və ya problemlə bağlı əsas fikirlərin mümkün qədər geniş mənzərəsini təqdim edə bilərmi? Xəbər agentliyi kimi sözügedən media qurumu təqdim etdiyi mövzunu ən dolğun şəkildə işıqlandırmaq gücündədirmi?

Ayrı-ayrı xəbər başlıqlarına diqqət edək:

“Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası davam edir” başlıqlı xəbər göründüyü kimi geniş oxucu kütləsini əhatə edə bilmir, xəbərin əhəmiyyətini oxucuya tam aça bilmir, başlıqda uduzur, verdiyi mövzu bitmiş sayılmır.

Xəbərlər təkcə hadisənin özü ilə bağlı mesaj olmamalıdır: “Hollivud ulduzu Tom Kruz karyerasında ən böyük qonorarını alacaq” adlı xəbərdə cəmiyyətimizə hansı mesaj ötürüldü və ümumiyyətlə, belə bir xəbər kimə və nəyə lazımdır? AzərTAc bu xəbərlə nəyə təsir etməyi düşünür?

Agentlikdə çalışan jurnalisti elə istiqamətləndirmək lazımdır ki, işıqlandırdığı hadisənin daim yeni aspektlərini axtarsın.

Sözün qısası, AzərTAc yarandığı gündən bu yana öz yığcam və məlumatötürmə üslubundan əl çəkməlidir. İlk addım olaraq məhz onda burada çalışan bütün jurnalistlər tabe olmağa borclu olduğu üslubdan yaxa qurtaracaqlar.

Ümid edirik təqdim etdiyimiz yazılar qərəzli mövqe kimi qarşılanmayacaq. Çünki Azərbaycan oxucularının həyatlarına və gündəlik təcrübələrinə uyğun bir dildə yazmaq sizin borcunuzdur, cənab Aslanov. Bu, həm də dövlətçiliyimizə xidmətdir. Bu xidməti isə siz istefanızla sübut edə bilərsiniz. Media islahatlarına dəstək addımı olaraq.

davamı var

konkret.az